Vaksinəqədərki dövrdə heç bir dərman preparatı COVID-19-dan qorunmağa təminatı verə bilməz

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı ən vacib olanı PZR testidir, çünki birbaşa olaraq virusun olub-olmadığı aşkarlanır. Qan testi isə virusa qarşı yaranmış anticisimi aşkar edir. Həmin test xəstəliyi keçirərək artıq sağalanlarda da müsbət görünə bilər, yəni qanda həmin testin müsbət çıxmağı həmin şəxsin yoluxucu olmağının göstəricisi deyil. COVID-19 mutasiyaya uğramış yeni virus olduğundan ona qarşı yaranan immunitetin davamlılıq müddəti hələ alimlər tərəfindən laboratoriyalarda öyrənilməkdədir və ona görə də virusa qarşı yaranmış immunitetin müddəti barədə konkret bir söz demək mümkün deyil. Bu, həm də fərdi olaraq hər kəsin orqanizmindən asılıdır. Adətən immunitetin üç ayadək davamlı olduğu deyilir, mövsümi qriplərdə də həmin hal mövcuddur.

 

AZƏRTAC-a istinad edən Medpress.az xəbər verir ki, bu sözləri həkim-terapevt Günel Fətəliyeva deyib.

 

Vaksinəqədərki olan dövrdəki qorunma tədbirlər barədə danışan həkim-terapevt bildirib: “Ən vacib şərt karantin qaydalarına ciddi riayət olunmasıdır. Vaksinə qədər heç bir dərman preparatı infeksiyadan qorunmağa təminat verə bilməz. Maskadan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara, xüsusən əllərin gigiyenasına əməl etmək lazımdır. Ağız və burunun selikli qişası vasitəsilə də yoluxmaq mümkündür, bəzən əlcəkdən istifadə edilməsi bəzən çaşdırıcı ola bilər, çünki əlcəyə toxunandan sonra əlləri gözə, buruna toxundurmaq olar. Ona görə də ən yaxşısı əllərin isti su ilə tez-tez yuyulması, antiseptik gel və vasitələrlə dezinfeksiya edilməsidir.

 

Tək COVID-19-a deyil, bütün infeksiyalara qarşı immuniteti möhkəmləndirmək üçün ilk növbədə sağlam həyat tərzi sürmək lazımdır. Buraya sağlam qidalanma, fiziki aktivlik, gün ərzində 30-40 dəqiqə sürətli yeriş, hər gün çoxlu su və maye qəbul etmək, düzgün yuxu rejimi aiddir. Gün ərzində çəkidən asılı olaraq təxminən 2 litr su içilməlidir, onun azlığı orqanizmin demək olar ki, bütün sistemlərinə zərərli təsir göstərir. Xəstəliyin ilk əlamətləri özünü göstərməyə başlayanda su qəbulunu daha çox artırmaq lazımdır, çünki təmiz su toksinlərin bədəndən xaric olmasına kömək edir”.

 

(Visited 16 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir