Bu boyalar qadın dırnaqlarının qənimidir – RESEPT

Əlləri qadının vizit kartı hesab edənlər haqlıdırlar. Çünki baxımlı əllər və dırnaqlar müsbət təəssürat yaradır. Əl və dırnaqların vəziyyəti sahibinin səliqə-sahmanı, özünə münasibəti barədə informasiya verir və ətrafdakılarda müəyyən münasibət formalaşdırır.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, paytaxtdakı 15 saylı poliklinikanın həkim-dermatoloqu Solmaz Orucovanın sözlərinə görə, əllərin dərisi müxtəlif maddələrlə təmasda olduğuna görə ona gündəlik qayğı göstərilməlidir: “Həlledicilər, qətranlar, kimyəvi və başqa maddələr, su ilə sıx təmas dırnaqların və əllərin dərisinə təsir edir. Keyfiyyətsiz dırnaq boyası da eyni təsirə malikdir. Ona görə ev işləri gördükdə rezin əlcəklərdən istifadə etmək, işi bitirəndə isə əlləri yuyaraq qidalı krem çəkmək lazımdır”.

 

Dırnaqlar üçün resept

 

Həkim-dermatoloqun verdiyi məlumata görə, uzun zaman qalan boyalar-gel, şellak dırnaqlara mənfi təsir göstərir, onları kövrək və qatlanan edir. Buna baxmayaraq, hazırda qadınlar arasında bu boyaların istifadəsi geniş yayılıb. Bu maddələrdən sonra dırnaqları bərpa etmək üçün bir neçə üsul var: “Adətən, bu boyaların təmizlənməsindən sonra dırnaqların cilalanması onları kövrək və tezsınan edir. Dırnaqların möhkəmləndirilməsi və bərpa olunması üçün əllər 30 dərəcəyədək isidilmiş zeytun və ya badam yağında 10 dəqiqə saxlanılır. Bu proseduru bir həftə hər gün təkrarladıqda müsbət nəticə əldə etmək olar.

 

Bundan əlavə, dırnaqlar limon suyuna salınaraq 2-3 dəqiqə saxlanılır, sonra su ilə yuyulur. Limonun tərkibində olan C vitamini dırnaqlara sağlam görkəm, efir yağları isə möhkəmlik verir.

 

Onu da qeyd edim ki, orqanizmin sağlamlığı əsasən qidadan asılıdır. Dırnaqların sağlamlığında da qida əhəmiyyətli rol oynayır. Bu səbəbdən qida rasionu -zülal, mineral duzlar, A, C, E və D vitaminləri ilə zəngin olmalıdır”.

 

(Visited 84 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir