Qızılcanın ilkin əlamətləri

Son vaxtlar dünyanın müxtəlif yerlərində əhali, xüsusilə uşaqlar arasında yayılmağa başlayan qızılca yüksək kontagioz xəstəlikdir. Bir faktı göstərmək kifayətdir ki, 2015-ci ildə dünyada qızılcadan 73,4 min adam ölüb.

Medpress.az xəbər verir ki, Bakıdakı 26 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının uşaq poliklinikasının həkim-infeksionisti Aytən Ziyadova xəstəliyin əlamətləri, ondan qorunmaq yolları və müalicəsi barədə danışıb.

 

Həkim deyib: “Kəskin yoluxucu virus xəstəliyi olan qızılca ilə bütün yaşlarda xəstələnmə olur, adətən 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılır. Əgər ana qızılca keçiribsə, körpə üç ay ərzində anadan keçmiş passiv immunitetlə əlaqədar qızılca ilə xəstələnmir. Passiv immunitet uşağın yaşı artdıqca azalır, doqquz aydan sonra isə itir. Ana qızılca keçirmədikdə körpə öz həyatının ilk günlərində də qızılcaya yoluxa bilər.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır”.

 

Həkim-infeksionist xəstəliyin əlamətləri barədə danışarkən deyib: “Qızılca xəstəliyin əlamətləri özünü mərhələlərlə göstərir. İlk iki gün burun axıntısı, qızdırma, gözlərdə sulanma və qızarma, işığa baxa bilməmək, göz ağrısı və öskürək olur. Üçüncü gün ağız içində ağ nöqtə şəklində ləkələr yaranır və bu ləkələr diaqnoz zamanı xüsusi əhəmiyyət daşıyır. Həmin əlamətlərdən sonra dördüncü gün dəridə səpgilər meydana gəlməyə başlayır. Səpgilər əvvəlcə alın və boyun bölgəsində əmələ gəlir, sonra tədricən bədənə yayılır, yüngül qabarıq və qırmızı olur. Bəzən başqa ağırlaşmalara, məsələn, orta qulaq iltihabı, beyin iltihablaşması, sətəlcəm və s. səbəb ola bilər. Xüsusilə qızılca keçirən körpə uşaqlarda orta qulaq iltihabı əmələ gələ bilər. Sətəlcəm qızılca virusunun ən çox rast gəlinən ağırlasmalarından sayılır və onun uşaqlarda həyati riski böyükdür”.

 

Həkimin dediyinə görə, xəstənin bədənində səpgilər bir həftəyə qədər davam edir və sonra öz-özünə itməyə başlayır: “Uşağın qızdırmasını salmaq üçün ona çoxlu maye içirilməlidir. Yaxşı istirahət etmək də əhəmiyyətli məsələdir. Həkim uşaqda qızılcanın meydana çıxardığı əks təsirlərin aradan qaldırılması üçün lazımi tədbirləri görür və müalicə təyin edir. Məsələn, qızdırma zamanı hərarəti salan dərmanlar yazılır, burun axıntısının qarşısını almaq üçün damcı təklif edilir. Gözdəki ağrı zamanı ilıq su və pambıqla masaj edilir.

 

Uşağı qızılca xəstəliyindən qorumaq üçün mütləq vaxtında ona peyvənd vurulmalıdır. Peyvənd bu sahədə ən yaxşı qoruyucudur. Qızılca xəstəliyində baş verə biləcək sətəlcəm, orta qulaq iltihabı, beyin iltihabı kimi ağırlaşmalara görə həkim tərəfindən qabaqlayıcı dərman müalicəsi aparılır. Peyvənd ediləndən sonra bəzi hallarda qızdırma olması, bədəndə səpgilər görünməsi ciddi narahatlıq yaratmamalıdır. Həmçinin xəstəliyin müalicəsində tərkibi A vitamini ilə zəngin qidaların və ya A vitamini qəbul edilməsi də əhəmiyyətli məsələdir. Uşağın işığa qarşı həssaslıq göstərmə ehtimalına qarşı onun yarımqaranlıq otaqda saxlanılması rahatlığı təmin edər”.

 

Aytən Ziyadova onu da qeyd edib ki, xəstə ilə təmasda olduqdan 10-12 gün sonra bir sıra əlamətlər, məsələn, yüksək hərarət, zökəm, öskürək, konyuktivit yaranır və səpgilər üzə çıxır.

 

Həkim-infeksionist söhbətinin sonunda deyib: “Uşağın qızdırması 39 dərəcə və daha yüksəkdirsə, dəri səpgiləri dörd gün və daha uzun müddət davam edərsə, yaxşılaşma müddətində əvvəlki vəziyyət təkrarlanarsa, nəfəs alıb vermədə problem yaşandığı təqdirdə və xırıltılı nəfəs alıb vermə zamanı yubanmadan həkimə müraciət etmək məsləhət görülür”.

 

3 thoughts on “Qızılcanın ilkin əlamətləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir