24 mart Beynəlxalq Vərəmlə Mübarizə Günüdür

24 mart Beynəlxalq Vərəmlə Mübarizə Günüdür. 1882-ci il martın 24-də alman alim Robert Kox tərəfindən vərəm mikobakteriyası aşkar edilib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Dünya Səhiyyə Təşkilatı (DST) və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü Vərəmlə Mübarizə günü elan edib.

 

Medpress.az-ın məlumatına görə, vərəm xəstəliyi dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. İnsanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hallarda hava-damcı yolu ilə baş verir.

 

Vərəm xəstəliyi erkən aşkar olunmadıqda, xəstə həkimə vaxtında müraciət etmədikdə, müalicə çətinləşir, fəsadlar yaranır. Artıq bu, tək xəstənin deyil, bütün cəmiyyətin probleminə çevrilir.

 

Vərəm insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilirlər. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik bir qayda olaraq dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.

 

2014-cü ildə aparılan statistikaya əsasən, vaxtında diaqnoz qoyulmaması və səmərəsiz müalicələr nəticəsində 9,6 milyon nəfər vərəmə yoluxub, onlardan 1,5 milyon nəfər, o cümlədən 140 min uşaq vəfat edib. Bununla yanaşı, vərəmlə xəstələnmə səviyyəsi 2000-ci il ilə müqayisədə 18, ölüm göstəricisi isə 1990-cı illə müqayisədə 47 faiz azalıb.

 

Vərəmin erkən aşkarlanmasının iki əsas üsulu var: uşaq və yeniyetmələr hər il vərəmlə əlaqədar diaqnostikadan, böyüklər isə flüoroqrafiyadan keçməlidirlər. Yeni dərman preparatlarının çoxluğuna baxmayaraq, vərəm ən ağır və təhlükəli xəstəliklərdən biri olaraq qalır. Vərəm sosial, tibbi və bioloji problemdir. Buna görə də, mütəxəssislər vərəmə qarşı mübarizə tədbirlərinin aparılmasına xüsusi diqqət göstərməyin zəruri olduğunu bildirirlər. Onların fikrincə, xəstəliyin aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. Bunun üçün də, Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onun barəsində əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.

 

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) 2030-cu ilə qədər Davamlı İnkişaf üzrə Məqsədlər təyin edib. Bu məqsədlərdən biri- Vərəmin Global Epidemiyasının ləğv edilməsidir. DST-nın 2016-2035 illər üzrə Vərəmin ləğv edilməsi Strategiyası qəbul olunub. Bu strategiya 2014-cü ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən dəstəklənib. 2015 illə müqayisədə 2030 ilə qədər vərəmdən ölüm hallarının sayı 90%, vərəmdən xəstələnmə göstəricisi isə 80% azaldılmalıdır.

 

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın məlumatına görə, 2018-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub ki, onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir (report.az).

 

Direktor bildirib ki, həmin müddətdə 251 nəfər ocaqlı vərəm xəstələri, 1145 nəfər infiltrativ xəstələr, 74 nəfər gecikmiş vərəm formaları ilə aşkar olunan xəstələrdir.

 

H.Qədirova qeyd edib ki, 237 nəfərdə vərəm plevriti, 81nəfərdə sümük oynağı vərəmi, 32 nəfərdə döş qəfəsi daxili limfa düyünlərinin vərəmi, 52 nəfərdə periferik limfa düyünlərinin vərəmi, 14 nəfərdə sidik cinsiyyət sisteminin vərəmi, daha 14 nəfərdə vərəm mezadeniti, 3 nəfərdə isə vərəm meningiti aşkarlanıb.

 

O, həmçinin əlavə edib ki, vərəmli xəstələrin 1/3-i qadınlar, 2/3-i isə kişilərdir: “Amma zamanla qadınlar arasında vərəmlə xəstələnmə gösətiriciləri artır. 2017-ci ildə aşkar olunan vərəmli xəstələrin 60 faizi kişi, 30 faizi qadın, 10 faizi uşaqlardır. Son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınır. Böyüklər və 18 yaşadək uşaqlar arasında gecikmiş və yayılmış formaların rastgəlmə tezliyi azalıb”.

 

Azərbaycanda 2017-ci ildə 100 min əhaliyə olan vərəmlə xəstələnmə göstəricisinin 39,8 nəfər olduğunu deyən direktor bildirib ki, həmin il ölkədə 440 nəfər vərəmdən dünyasını dəyişib: “2017-ci ildə Azərbaycanda 1007 nəfər dərmana davamlı vərəmli xəstələr aşkarlanıb. Dərmana davamlı vərəmli xəstələrin müalicəyə cəlb olunması 98 faiz təşkil edib. Keçən il 3258 təkrar müalicə olunan vərəmli xəstə qeydə alınıb. Ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 30,3, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 9,5 faiz olub”.

 

(Visited 108 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir