Qanaxmalar zamanı ilk tibbi yardım

Həyatımızda gözlənilmədən istənilən hadisə baş verə bilər. Belə hadisələrdən biri də qanaxmasıdır. Qəza, ehtiyatsızlıq, təbii fəlakət və bir çox hallarda qanaxması ilə üzləşə bilərik. Bəs belə hal ilə rastlaşdıqda nə etmək lazımdır? Medpress.az qanaxması zamanı ilk tibbi yardım kimi hansı tədbirləri görmək lazım olduğunu diqqətinizə çatdırır.

İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir. Bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu halda huşun itirilməsi baş verə bilər. Güclü qanaxma zamanı ilk növbədə  hansı qanın axdığını müəyyən etmək lazımdır. Qanaxmalar 3 cür olur: Kapilyar qanaxmalar, Venoz qanaxmalar, Arterial qanaxmalar. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu qəhvə çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.

 

(Visited 302 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir