Dini nikahla bağlı din xadimlərinə XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının üzvləri və idarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısı keçirilib.

 

Medpress.az-a idarənin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri də iştirak edib.

 

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması ilə bağlı din xadimləri xüsusi vurğulayıblar ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 2002-ci il noyabrın 23-də fətva verib. Fətvada bildirilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər. Bu o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri yalnız dövlətin qeydə aldığı nikah üçün dini nikah oxuya bilər. Bu qaydaya əməl etməyən QMİ rəsmi din xadimlərinə münasibətdə müvafiq cəza tədbirləri görüləcək.

 

Adıçəkilən fətvada ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oglanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı idarənin aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.

 

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verildi ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.

 

 

(Visited 42 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir