Azərbaycanda nə qədər hepatit xəstəsi var? – AÇIQLAMA

 Azərbaycanda Hepatit B və C-yə yoluxanlar ölkə əhalisinin, təxminən, 2 faizini təşkil edir. Medpress.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu xəstəliklə mübarizə səhiyyə sisteminin qarşısında duran əsas istiqamətlərdən biridir: “Bu xəstəliyin profilaktika və müalicəsi dövlət proqramına daxil edilib. Lakin hazırki dövrdə hepatitə qarşı istifadə olunan müalicə preparatları Rusiya istehsalıdır. Xəstəlikdən müalicə dövlət hesabına aparılır. Amma preparatların effektivliyi zəifdir və bir çox yan təsirləri də var. Dünyada daha effektli, lakin çox bahalı dərmanlar var. Azərbaycanda hepatitdən öz hesabına özəl klinikalarda müalicə olunanlar da var”.

 

Cəlal İsayevin sözlərinə görə,  Azərbaycanda Hepatit B-yə qarşı mübarizə tədbirləri kifayət qədər yüksək səviyyədə aparılır: “Xüsusən bu növə qarşı peyvəndin aparılmasını qeyd etmək lazımdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb. Proses bütün uşaqları əhatə edir və bunun nəticəsidir ki, Hepatit B ilə xəstələnmə halları kəskin azalıb. İndiki dövrdə Hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlki göstəricidən 24-25 dəfə aşağı düşüb. Bu, çox yaxşı nəticədir”.

 

Baş infeksionist qeyd edib ki, Hepatitin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilən bir sıra profilaktik tədirlər həyata keçirilir: “Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadə, onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonları və digər bu kimi obyektlərdə də hepatitin yayılmaması üçün profilaktik tədbirlər mütləq tətbiq olunmalıdır”.

 

(Visited 140 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir