İdman bu dəhşətli xəstəlikdən qoruyur

Fiziki fəallıq yaddaşı yaxşılaşdırır, neyrodegenerativ xəstəliklər riskini azaldır, lakin bu qarşılıqlı əlaqənin mexanizmi indiyədək alimlər üçün qaranlıq qalırdı. Bir neçə il əvvəl qanda irisin hormonunun idman məşğələləri zamanı yüksəlməsi identifikasiya olunub. Tədqiqatlar göstərib ki, irisin enerji mübadiləsində rol oynayır. ABŞ-ın Kolumbiya Universiteti alimlərinin yeni tədqiqatı isə altshaymer xəstəliyinin profilaktikası üçün bu hormonun əhəmiyyətli olduğunu göstərib.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, alimlər baş-beyin toxumaları nümunələrini tədqiq edərək bu qarşılıqlı əlaqənin mövcud olduğunu sübut ediblər. Sən demə, hippokampda irisin var. İnsanda altshaymer xəstəliyi inkişaf edəndə bu hormonun səviyyəsi azalır.

 

Siçanlar üzərində eksperimentlər göstərib ki, irisin beyin sinapslarını müdafiə edir və yaddaşı yaxşılaşdırır. Alimlər hormonu “kənarlaşdıranda” neyron əlaqəsi və yaddaş zəifləyib. İrisinin səviyyəsi yenidən yüksələndə həm neyron əlaqəsi, həm də yaddaş güclənib.

 

Nəticələr siçanların fiziki fəallığı ilə bağlı təcrübələrdə yoxlanılıb. Onlara neyrodegenerasiya fonunda adətən beyində toplanan zəhərli beta-amiloidlər yeridilib. Sonra siçanları üzməyə məcbur ediblər. Beş həftə sürən fiziki fəallıq nəticəsində siçanların yaddaşı azhərəkətli həyat tərzi sürən gəmiricilərdən fərqli olaraq güclənib.

 

İndi tədqiqatçılar beyində irisin hormonunun səviyyəsini yüksəldən, yaxud onun təsirini imitasiya edən birləşmələri axtarırlar. Belə terapiya azhərəkətli və ya hərəkətsiz həyat tərzi sürən insanların müalicəsində və onlar üçün profilaktik tədbirlərdə faydalı ola bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir