Azərbaycanda ünvanlı dövlət sosial yardımının azaldılması təklif edildi

Hesablama Palatası ünvanlı dövlət sosial yardımı ilə bağlı təkliflər irəli sürüb.

 

Medpress.az ona-ya istinadla bildirir ki, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.

 

Hesabatda qeyd edilib ki, 2015-ci ilin martından başlayaraq ünvanlı dövlət sosial yardımı 2 il müddətinə verilir ki, bu da yardım alanların yardıma ümid bəsləməsi və “ələbaxımlıq psixologiyası”nın formalaşmasına şərait yaradıb. Hesablama Palatası hesab edir ki, sosial yardımın 2 il müddətinə təyin edilməsi həmin müddətdə yardımın məbləğinin dəyişməsinə və ya ödənişin dayandırılmasına səbəb ola biləcək halların baş verməsi (uşağın doğulması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün hərbi xidmətə getməsi və ya hərbi xidmətdən qayıtması səbəbindən ailə tərkibində dəyişikliyin olması, əvvəl əmək qabiliyyətsiz olan ailə üzvünün 2 il ərzində əmək qabiliyyətli kateqoriyasına aid ola bilməsi, əmək haqqı və sosial ödənişlərin təyin edilməsi səbəbindən ailənin gəlirlərində dəyişikliyin olması) ehtimalını artırır. Bu da həmin dəyişikliklərin vaxtında aşkar edilməsi, ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırılması və ya məbləğinin dəyişdirilməsi baxımından çətinlik yaradır, daha böyük məbləğdə dövlət büdcəsinin vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur.

 

“Ünvanlı dövlət sosial yardımı haqqında”  qanunun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Qanun qüvvəyə minərkən ilkin variantda sosial yardımın 6 ay müddətinə təyin edildiyi əksini tapıb. Qanuna 2008-ci il iyunun 13-də edilən dəyişikliyə əsasən, təyinat müddəti 1 ilədək, 2015-ci il fevralın 25-də edilən dəyişikliyə əsasən 2 ilədək uzadılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir