Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında urologiya və andrologiyanın müasir aktual problemlərinə həsr olunan “Ustadlardan Tədris Kursu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir ATU-nun, Türkiyə Uroloji Dərnəyinin, akademik Mirqasımov adına Azərbaycan Uroloqlar Assosiasiyasının Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Medpress.az-a universitetin mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov konfransın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyi günlərdə keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. O, müasir dünyamızda tibbi texnologiyaların sürətlə inkişaf etdiyini, bu tədris kursunun keçirilməsinin urologiyanın inkişafına böyük təkan verəcəyinə əminliyini bildirib.
Tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan olan mütəxəssislərin də iştirak etdiyini deyən prorektor konfransın işinə uğurlar arzulayıb.
Türk Uroloji Assosiasiyasının fəxri sədri, professor Ateş Kadıoğlu Azərbaycanla digər sahələrdə olduğu kimi, urologiya sahəsində də ikitərəfli əlaqələrin genişləndiyini, ortaq layihələrin həyata keçirildiyini xatırladıb. Təlim kurslarının əhəmiyyətindən danışan türkiyəli professor konfransda urologiyanın aktual problemlərinə toxunulacağını söyləyib. O, “Azərbaycan və Türkiyə uroloqlarının tək uroloji cəmiyyətini yaratmaq arzusunu dilə gətirib. Eyni zamanda, bu təlim kursuna dəstək olanlara nümayəndə heyəti adından öz təşəkkürünü bildirib.
Türk Uroloji Dərnəyinin prezidenti, professor Cankon Germiyanoğlu bu sahədə ən son yenilikləri və öz təcrübələrini yerli həkimlərlə bölüşməkdən məmnunluğunu qeyd edib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ATU-nun urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyevin moderatorluğu ilə proqram üzrə ustad dərslərinə start verilib. Tanınmış mütəxəssislər urologiyanın aktual problemlərinə dair məruzələrlə çıxış ediblər.