TTK-nın laboratoriyasına yeni cihaz gətiriləcək

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Mikrobioloji analizlərə sindromik yanaşma” mövzusunda konfrans keçirilib. Universitetin mətbuat xidmətindən Medpress.az-a verilən məlumata görə, konfransda yerli mütəxəssislərlə yanaşı, Fransanın “Biomerieux” şirkətinin Türkiyə üzrə təmsilçiləri Can Orhun və Didem Akrıp Soydan çıxış ediblər.

 

Məruzəçilər çıxışlarında şirkətin tətbiq etdiyi “Biofire FilmArray” sistemi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat veriblər. Qeyd edilib ki, “Biofire FilmArray” sistemi “FDA”, “CE-IVD” sertifikatlı, nümunələrin hazırlanması, amplifikasiyası, deteksiyası və analizini inteqrasiya edən multileks polimeraz zəncirvari reaksiya sistemidir. Məruzəçilərin çıxışlarından məlum olub ki, həmin sistem vasitəsilə bakteriyalar, viruslar, parazitlər və antibiotiklərə rezistentlik genlərini, eyni zamanda, müayinə etmək mümkündür. Hazırda bəzi infeksion xəstəlikləri müayinə etmək məhdud olduğundan bir saat müddətində “Biofire FilmArray” sistemi vasitəsilə bir çox infeksiyalara diaqnoz qoymaq olur.

 

 

Sistemdəki panellər, həmçinin nadir rast gəlinən patogenləri yüksək həssaslıqla təyin etmək imkanlarına da malikdir. Sistemin bir sıra üstünlüklərindən söhbət açan mütəxəssislər bu sistemlə işləyən cihazların həkimlərə geniş imkanlar yaratdığını da qeyd ediblər. Həkimlərə təkcə xəstənin dəqiq müayinə olunmasında deyil, həmçinin dəqiq müalicə olunmasında da bilavasitə kömək etdiyini vurğulayıblar. Bildirilib ki, həkim bu sistem vasitəsilə xəstənin izolyasiya olunması, antibiotik və antiviral müalicə və əlavə müayinəyə ehtiyac olub-olmaması ilə bağlı qərar vermək imkanları əldə edə bilir.

 

Yaxın günlərdə “Biofire FilmArray” sistemi ilə işləyən cihazın Tədris Terapevtik Klinikanın Mərkəzi Laboratoriyasına gətirilməsi və xəstələrin müayinəsi zamanı istifadəsi nəzərdə tutulur.

 

(Visited 25 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir