“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları”nın layihəsi artıq hazırlanıb və üzərində təkmilləşdirmə aparılır.
Medpress.az ona-ya istinadən bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata görə, prezident İlham Əliyevin 2018-ci il dekabrın 10-da imzaladığı fərmana əsasən, övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər davam etdirilir.
Nazirlikdəki işçi qrupu mütərəqqi dünya təcrübəsi də nəzərə alınmaqla hazırlanmaqda olan yeni idarəetmə modelində prioritetlərdən birini müəyyənləşdirib. Bu, övladlığa götürülən uşaqların maraq və mənafelərinin, gələcək layiqli həyat şəraitinin təminatıdır.
Uşaqları övladlığa götürmək istəyən valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də yeni modeldə əksini tapacaq.
Eyni zamanda, uşaqların övladlığagötürmə prosesində razılıq və fikirlərinin nəzərə alınması, valideyn-namizədlə onun övladlığa götürmək istədiyi uşaqla yaş fərqinə dair daha təkmil yanaşmanın tətbiqi, uşağın valideyn-namizədin evində sınaq müddətinə yerləşdirilməsi və s. nəzərdə tutulur.