Həkim məsləhəti olmadan uşağa sakitləşdirici dərman vermək olmaz – XƏBƏRDARLIQ

Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev deyib. Həkim bildirib ki, mütəxəssis məsləhəti olmadan azyaşlıya hansısa dərman, hətta vitamin olsa da, vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.

 

Onun dediyinə görə, bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verir və onun zərərsiz olduğunu düşünürlər: “Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərəfdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır”.

 

Mütəxəssis bildirib ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasından xəbər verir: “Hər hansı səbəbdən ümumi qan dövranını təmin edə bilmir və bu halda kardioloji müayinə mütləqdir”.

 

Kardioloq qeyd edib ki, bəzi valideynlər böyüdükcə uşağın ürək döyüntüsünün azalmasından narahatlıq hissi keçirirlər, halbuki, bu, normal haldır: “Körpə doğulanda ürək döyüntüsü 130-150-dən başlayır. Uşaq böyüyüb yetkinlik yaşına çatdıqda həmin göstərici 70-80-ə enir. Ona görə də bəzi valideynlərin uşağın ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlığı əsassızdır”.

 

(Visited 74 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir