Fiziki və emosional aclıq arasındakı fərqlər

Qida hər birimiz üçün vacibdir. Bir çox insanlar sağlamlığını və enerjisini qorumaq üçün, bəziləri isə darıxdığından, stressi və ya emosional ağrıları aradan qaldırmaq üçün qidalanır. Emosional aclıq mütəmadi olaraq böyük miqdarda qida qəbul etmək vərdişidir. Bu iştaha fərqli hisslərdən irəli gəlir və aclıq deyil. Ekspertlərin fikrincə, doymamağın 75 faizi emosiyalardan yaranır. Təklik, zəiflik, hirs, məyusluq, depressiya, narahatlıq kimi hisslər şüursuz və nəzarətsiz qidalanmağa səbəb ola bilər. Xoşbəxtlikdən, qida asılılığını aradan qaldırmanın bir çox yolu var. Onun öhdəsindən gəlmək üçün istək və iradə lazımdır.

 

Medpress.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.

 

Sağlam qidalanma üzrə mütəxəssis, həmçinin fiziki və emosional aclıq arasındakı fərqlər barəsində məlumat verərək deyib: “Fiziki aclıq tədricən artır, emosional aclıq isə birdən-birə yaranır. İnsanlar adətən emosional aclığı qeyri-sağlam yeməklə aradan qaldırmağa çalışırlar. O zaman zərərli qidalar qəbul edirlər, məsələn, çox şirin və duzlu yeməklər yeyirlər. Fiziki aclığın tələbatını ödədikdən sonra artıq yeməmək üçün dayanırsınız. Bu hal emosional aclıqda çətin olur. Emosional aclıq hissi beyinlə bağlıdır. Siz pizza və ya dondurmanın dadını ağzınızda hiss edə bilirsiniz və beyniniz daim arzuladığınız qida haqqında düşünməyə başlayır. Fiziki aclıq mədədə hiss olunur. Qarın boşluğundan uğultu səsləri eşidilir. Maraqlısı budur ki, emosional aclığı doydurmaq insanda günah və xəcalət hissi oyadır”.

 

(Visited 29 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir