Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.
Medpress.az “Report”a istinadla bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, icra hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq keyfiyyətli ərzaqla əvəz olunması təmin edilib.
Məsələnin ciddiliyi nəzərə alınaraq şəhər icra hakimiyyətində operativ müşavirə keçirilib, məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Müşavirədə xüsusi qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.
Eyni zamanda, Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri şəhər icra hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq edilib.
Hazırda komissiya bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydlər keçirir.