Qida insan üçün enerji, fərəh və gümrahlıq mənbəyidir. Bir çoxları qidanı qaydasında qəbul etmək lazım olduğunu yaxşı başa düşürlər. Lakin bunun nə demək olduğunu əksəriyyəti bilmir. Qidanı qəbul edərkən yol verdiyimiz səhvlər həzm sistemi, hormonlar, beyin ilə bağlı sağlamlığa problemlər yaradır, artıq çəki ilə xarakterizə olunur. Bu səhvlər hansılardır?
Medpress.az bu barədə məlumatları “MedikForum” saytına istinadla diqqətinizə çatdırır.
1-ci səhv: orqanizmə lazım olduğundan daha artıq qida
Demək olar ki, bütün insanlar bu səhvə yol verirlər. Bu gün ətirli darçınlı kökənin, sabah yeni növ çipsinin dadına baxmaq istəyirsən, o biri gün isə kələmli kartofun əlavə porsiyasının dalınca qaçırsan. Hətta ən zərərsiz qida orqanizmdə xeyli problem yarada bilər. Kalori çoxluğundan, ilk növbədə, çəki artır.
2-ci səhv: keyfiyyəti şübhə yaradan yağlar
Bizim rasionumuzda, həmçinin ən yaxşı keyfiyyətə malik olmayan xeyli yağlar, yəni transyağlar var. Əfsuslar olsun ki, bu yağlar bir çox qidalarda – fastfud, çörək-bulka məhsulları, marqarin, çipsilərdə mövcuddur. Bu isə immunitetə güclü zərbə endirir.
3-cü səhv: kifayət qədər vitaminlərin olmaması
Əgər siz ürəyiniz istədiyi kimi yeməyə öyrəşmisinizsə, o zaman sizi məyus edəcəyik – orqanizm zəruri olan vitaminləri, zülalları və digər faydalı elementləri doyunca almır. Daha çox təzə meyvə və tərəvəz yeməniz vacibdir.
4-cü səhv: kifayət qədər mayenin olmaması
Çay, qazlı su, şirələr, alkoqol – bu içkilərin orqanizm üçün faydalı olmasını demək çətindir. Əsas həyatverici maye mənbəyi təmiz sudur ki, bu da maye tələbatını tamamilə ödəyir.
5-ci səhv: qeyri-müntəzəm qidalanma
Qidalanma təkcə balanslaşdırılmış və maksimum dərəcədə faydalı maddələrdən ibarət deyil, həm də müntəzəm olmalıdır. Əgər siz hər necə gəldi qidalanırsınızsa, məsələn, gündə bir dəfə, lakin böyük porsiyada, o zaman bu, sizin orqanizminizə zərbə vuran növbəti səhvdir. Həmçinin mədənin fəaliyyətini yüngülləşdirməkdən ötrü qidanı yaxşıca çeynəmək lazımdır.
6-cı səhv: şirniyyatdan sui-istifadə
Qidanın qeyri-müntəzəm qəbulu – bu hələ ziyanın yarısıdır. Böyük miqdarda şirniyyat qəbul edənlər daha çox səhv edirlər. Qəbul edilən qidada şəkərin payı sizin adət etdiyinizdən aşağı olmalıdır.
7-ci səhv: düzgün hazırlanmayan yemək
Qidanın hazırlanma üsulu da böyük rol oynayır. Yeməyi qızartmamaq, xüsusən də böyük miqdarda yağ və duz istifadə edərək qızartmamaq mühümdür. Daha yaxşı olardı ki, qidanın pörtlətmə, buxarda bişirilmə yolu ilə hazırlanmasına üstünlük verəsiniz.
8-ci səhv: yaşa uyğun qidalanmama
Hər bir insan fərdidir. Qidalanmada yaş da az rol oynamır. Fikir vermisinizsə, uşaqlar böyük adamın yediyi porsiyanı qəbul edə bilmir. İş şıltaqlıqda deyil. Sadəcə uşaq orqanizminin bu həcmdə qidaya ehtiyacı yoxdur. Bu, yaşlı və oturaq həyat tərzi keçirən insanlara da aiddir. Qida qəbulu zamanı porsiyaları artırmaq lazım deyil, onlar itirdiyiniz enerjiyə müvafiq olmalıdır.
9-cu səhv: düzgün qidalanmaya marağın azlığı
Xoşbəxtlikdən indi bu səhv bir çox müasir insan tərəfindən dərk edilir. İnsanların əksəriyyəti düzgün qida barədə mütaliə edir, sağlam məhsullar alır, dərk edərək balanslaşdırılmış qidalanma yoluna üz tuturlar. Lakin əfsuslar olsun ki, ziyanlı qida qəbulunu hələ də davam etdirənlər mövcuddur.
10-cu səhv: nəfsini cilovlamağı bacarmamaq
Dadlı yemək bolluğu onunla nəticələnir ki, biz qidaya meylimizin qarşısını almağı yadırğamışıq. Ən çox da faydalı və düzgün qida qəbul etməyi.