Azərbaycanın qida sektorunda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların obyektləri haqqında Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında qarşılıqlı məlumat mübadiləsi olacaq. Bununla bağlı anlaşma memorandumu imzalanıb.
Medpress.az xəbər verir ki, sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Memoranduma əsasən, tərəflər fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə, qarşılıqlı məlumat mübadiləsinin aparılması və qida məhsulları sahəsində fəaliyyət göstərən bütün subyektlərin vergiyə cəlb edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.
Birgə əməkdaşlıq çərçivəsində vergi uçotuna və dövlət qeydiyyatına alınması üçün müraciət edən, o cümlədən, vergi uçotuna və dövlət qeydiyyatına alınmış qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə məlumatlandırılması da nəzərdə tutulur.
Memorandumda iki qurum arasında əməkdaşlıq formaları, tərəflərin üzərinə götürdüyü öhdəliklər öz əksini tapıb. Əməkdaşlıq çərçivəsində əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş şəxslər, aksizsiz və ya saxta aksizli mallar, habelə məcburi nişanlama tələb edən, lakin nişanlanmamış malların satışının həyata keçirilməsi faktları aşkar edildikdə, həmin hallar barədə qarşılıqlı məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Tərəflər sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək.
Anlaşma Memorandumunun imzalanması mərasimində bildirilib ki, qida məhsulları sektorunda birgə əməkdaşlıq vergi və qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılmasına xidmət edəcək.