Azərbaycanda talassemiyalı 55 cütlük aşkarlanıb

Son 4 il ərzində Səhiyyə Nazirliyi nəzdində “viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir. Bu müddətdə komissiyaya müraciət edən 9561 nəfərdən 70 faizinə, yəni 6622 xəstəyə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.

 

Medpress.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında məlumat verib.

 

Onun bildirdiyinə görə, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır: “İl ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3842 talassemiya daşıyıcısı, 152 qazanılmış immunçatışmazlığı sindromu, 350 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 16 sağlam, 27 daşıyıcı, 12 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 12 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib”.

 

Şöbə müdiri qeyd edib ki, hazırda respublikada 1621 hemofiliyalı xəstə qeydiyyatdadır: “Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub”.

 

(Visited 39 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir