Azərbaycanda əlilliyi olan şəxslərin sayı – STATİSTİKA

Dekabrın 3-ü Beynəlxalq Əlilliyi Olan Şəxslər Günüdür. Medpress.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla bildirir ki, hazırda ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var.

 

 

Azərbaycanda nə qədər əlil var

“Onlar nazirlik tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. Başqa sözlə, bu il oktyabrın 1-nə respublikada olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

 

Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlili və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır.

 

İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl Atom Elektrik Sstansiyası əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Evlərində sosial xidmətlə təmin edilənlərin 2,3 minə qədəri əlilliyi olan şəxslərdir. Aparılan işlərin davamı kimi, bu il nazirlik tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.

 

Nazirliyin 14 bərpa-müalicə müəssisəsində hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir. Dövlət başçısının göstərişi ilə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər hazırda davam etdirilir”, -nazirliyin məlumatında bildirilir.

 

Qeyd olunur ki, nazirlik tərəfindən bu ilin 11 ayında 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi, o cümlədən 1200-ə yaxın əlil arabası verilib. Bakıya gələ bilməyənlərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilir: “Bu ilin 11 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin olunub. Dövlət Məşğulluq Xidməti və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

 

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. Bu il müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan mindən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 300 nəfəri proqram çərçivəsində mal və materiallarla təmin edilərək kiçik ailə təsərrütlarını yaradıb ki, bu da onların kiçik sahibkarlığına çıxışına imkan verib. Digərlərinin də mal və materiallarla təminatı davam edir”.

 

(Visited 75 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir