Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub. Böyrək çatışmazlığından əziyyət çəkən 53 yaşlı xəstəyə qohumunun böyrəyi köçürülüb.
Medpress.az-a bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Klinikanın transplantologiya şöbəsinin müdiri Anar Namazov bildirib ki, diabetik nefropatiya şikayəti ilə müraciət edən pasiyent 3 ildir dializ xəstəsi imiş: “Xəstə böyrək köçürülməsi üçün bizə müraciət edib. Donor qismində yaxın qohumu çıxış edirdi. Ətraflı müayinələrdən sonra orqan uyğunluğu təsdiqləndi və əməliyyat reallaşdırılıb. Donor laporaskopik üsulla əməliyyat olunub.
Əməliyyat donor və orqanı qəbul edən xəstədə eyni gündə aparılıb. Cərrahi müdaxilə iki masada aparılıb və iki fərqli briqada icra edib. Əməliyyat təxminən 4-5 saat davam edib. Donor əməliyyatdan 3 gün sonra, böyrək köçürülən xəstə isə 1 həftə sonra evə buraxılıb”.
Şöbə müdiri belə ağır əməliyyatlarda anestezioloji briqadanın peşəkarlığının mühüm rol oynadığını da diqqətə çatdırıb.
Diabetik nefropatiya şəkərli diabetin ağırlaşmasıdır və böyrək damarlarının zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik inkişaf edib ağırlaşanda böyrəklərin filtrasiya qabiliyyəti aşağı düşür və arterial təzyiq yüksəlir.