Asta qaçan çox yaşayar

Coqqinq və ya asta qaçış sağlamlıq üçün ən faydalı idman növlərindən biridir. Qaçışın bu növündən çox vaxt arıqlamaq üçün, habelə ümumi sağlamlıq üçün istifadə edirlər. Bu halda qaçış sürəti saatda 7-9 kilometr olur. Sprintdən fərqli olaraq qaçışın bu növü orqanizmi çox gərginliyə salmadığı üçün demək olar ki, hər kəs asta qaçışla məşğul ola bilər. Lakin idmanın bu növündən daha yaxşı nəticələr almaq üçün müəyyən qaydaları bilmək və onlara riayət etmək lazımdır.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, asta qaçışla məşğul olduqda:

 

 

ayaq, bədən və qol əzələləri möhkəmlənir;

 

 

damarlar, oynaqlar və sümüklər qaçış zamanı yaranan gərginliyə uyğunlaşır;

 

 

orqanizm uzunmüddətli gərginliyə vərdiş edir;

 

 

ürək-damar və tənəffüs sistemləri möhkəmlənir, onlar daha səmərəli işləməyə məcbur olur;

 

 

mitoxondriyaların sayı və ölçüsü artır, nəticədə aerob üsulla enerji yaranması prosesi yaxşılaşır.

 

 

Asta qaçış həm də piylənməyə qarşı səmərəli mübarizə üsuludur. Uzunmüddətli məşqlər zərərli şlakları və maddələr mübadiləsi məhsullarını, həmçinin onlarla birlikdə artıq piyi orqanizmdən çıxarmağa kömək edir.

 

 

Arıqlamaq istəyənlərin demək olar ki, hamısına asta qaçışla məşğul olmaq məsləhət görülür.

 

 

Coqqinq həzm sisteminə müsbət təsir göstərir, əsəbləri möhkəmləndirir, yuxunu normallaşdırır, beyin hüceyrələrinin işini yaxşılaşdırır. O həm də stresslərin profilaktikası üçün yaxşı vasitədir.

 

 

Asta qaçışla məşğul olmaq üçün müəyyən qaydaları nəzərə almaq lazımdır. Bu qaydalar oynaqlara düşən gərginliyi azaltmağa və baş verə biləcək zədələrin qarşısını almağa kömək edir. Məşqlərin uğurlu olması ayaqqabının düzgün seçilməsindən başlamış, ta məşğələlərin harada keçirilməsinə qədər bir sıra amillərdən asılıdır.

 

 

Asta qaçışla məşğul olmağa başlamazdan əvvəl hökmən həkimlə məsləhətləşmək və müayinədən keçmək lazımdır. Nəzərə almalısınız ki, coqqinq nə qədər zərərsiz idman növü hesab edilsə də, onun da əks göstəriciləri var. Ona görə idmanın bu növü ilə heç də hər kəsin məşğul olmasına icazə verilmir.

 

 

Əgər sizin sağlamlıqla bağlı ciddi problemləriniz yoxdursa və həkim sizə icazə verirsə, paltar və ayaqqabı seçimi barədə düşünməlisiniz. Paltar hava şəraitinə uyğun olmalıdır. İlin isti aylarında paltar çox kip olmamalı və yüngül olmalıdır. Günəşli günlərdə baş geyiminiz gözlərinizin günəşdən qorunmasını təmin etməlidir.

 

 

Nəbziniz 1 dəqiqədə təxminən 120 dəfə vurmalıdır. Bu göstəricini nəzarətdə saxlamaq üçün sadə nəbzölçən qurğu almaq tövsiyə olunur. Nəbzinizin sayı bu göstəricidən yuxarı olduqda sürəti azaltmaq və ya adi yerişə keçmək məsləhətdir.

 

 

Münasib ayaqqabı seçilməsi çox mühüm məsələdir. Ayaq pəncəsi yerə toxunanda ona düşən gərginlik artır, dizlərə və onurğa sütununa ağrı impulsu yayılır. Buna görə də relyefli altlıq və amortizasiyaedici içliklə təchiz olunmuş keyfiyyətli idman krossovkalarından istifadə etmək lazımdır. Onlar zərbələri yumşaldır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir