Azərbaycan qadınların hüquqlarına riayət olunması səviyyəsi üzrə 149 ölkə arasında 97-ci yeri tutub. Medpress.az xarici mediaya istinadla bildirir ki, Ümumdünya İqtisadi Forumu gender bərabərliyi ilə bağlı illik reytinqini açıqlayıb. Bu reytinq dünyanın müxtəlif ölkələrində sosial, siyasi və iqtisadi amillərə görə kişilər və qadınlar arasında bərabərlik üzrə qiymətləndirilir.
Reytinqdə kişi və qadınların iqtisadiyyatda, siyasətdə iştirakları, onların əmək bazarında vəziyyətləri, təhsil almaq imkanları və sağlamlıq səviyyəsi nəzərə alınır.
Qonşu ölkələrə gəldikdə, Ermənistan 98-ci, Gürcüstan 99-cu sıradadır. Türkiyə 130-cu, İran 142-ci, Rusiya isə 75-cı yeri tutur.
İndiki reytinqdə birinci yerdə İslandiyadır. Ondan sonra Norveç, İsveç və Finlandiya gəlir. İlk onluqda Skandinaviya ölkələri üstünlük təşkil etsə də, bu sıraya Latın Amerikası ölkəsi olan Nikaraqua (5-ci), Ruanda (6-cı), Namibiya (10-cu), eləcə də Şərqi Asiya ölkəsi Filippin (8-ci) də düşüb.
Bundan əlavə, ilk onluqda Yeni Zelandiya (7-ci yer) və İrlandiya (9-cu) da var.
Reytinqdə axırıncı yerləri İraq, Pakistan və Yəmən tutur.
Məruzəyə əsasən, dünyada kişilər və qadınlar arasında bərabərlik 108 il sonra ola bilər.