Ayaqüstü yeməyin zərəri – diyetoloq məsləhəti

Fast-fud kimi tanınan ayaqüstü yeməklər hər zaman isti və ucuz qida olmağına baxmayaraq, həm də dadlı olur. Ayaqüstü yeməklərin tərkibinə dad, keyfiyyətinə zəmanət verən çoxlu sayda qida əlavəsi qatılır. Əgər insan ayda bir dəfə ayaqüstü yeməklərlə qidalanarsa, orqanizmə ciddi bir zərər dəyməz. Ancaq hər gün qidalanarsa, onda bir müddətdən sonra orqanizmdə qüsurlar meydana gələr. Doymuş yağlardan hazırlanmış qidalar yüksək kalorili olur, bir sıra xəstəliklərə gətirib çıxara bilir. Qəbul etmək nə qədər çətin olsa da, çəkini ifrat dərəcədə artıran birinci səbəb ayaqüstü yeməklərdir.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.

 

Onun sözlərinə görə, uşaqlar və tələbələr tez hazırlanan yüksəkkalorili ayaqüstü yeməklərə üstünlük verirlər: “Bir çox ailələrin ayaqüstü yeməklər təklif edən məkanlarda qidalanmağına baxmayaraq, böyüklər özləri hər zaman burada hazırlanan yeməklərə xüsusi dəyər vermirlər və imtina edirlər.

 

Ayaqüstü yeməklər niyə zərərli hesab olunur? Çünki artıq çəki və piylənməyə səbəb olur. Vitamini olmayan bu cür bütün yeməklərin tərkibini çox kalorili və çoxlu miqdarda yağ və şəkər təşkil edir. Belə qidalar qaraciyəri yükləyən və ürək-damar sisteminə zərər verən bir çox heyvan mənşəli yağlarla zəngindir. Karbohidratlarla və yağlarla zəngin olan məhsullar toxluq hissi yaratmağa qadir deyil. Qazlı içkilər və kokteyllərin tərkibində çoxlu miqdarda şəkər var, bəziləri sidikqovucu xüsusiyyətə malikdir və orqanizmə ciddi zərər yetirir.

 

Əgər insan hələ də tez hazırlanan ayaqüstü yeməklərdən imtina edə bilmirsə, ən azından orqanizmə zərər yetirməyən məhsullarla qidalana bilər. Müxtəlif ayaqüstü qida məkanlarında sağlam nahar etmək olar. Uşaqlar belə məkanlara gətirilirsə, qazlı içkiləri portağal və yaxud alma şirəsi, qızardılmış kartofu isə tərəvəz salatı və meyvə ilə əvəz etmək məsləhətdir. Salat sifariş verərkən sirkə tərkibli xardal və ketçup kimi məhsullardan da almaq mümkündür. Burgerlərə pendir və ya donuz basdırması əlavə etmək əvəzinə müxtəlif tərəvəz növlərindən istifadə etmək olar. Yeməyə duz qatmamaq, əgər seçim varsa, mətbəx sobasında bişmiş ətə üstünlük vermək tövsiyə olunur. Mal əti və quş ətinin arasında seçim olarsa, əlbəttə, quş ətini seçmək daha yaxşıdır. Qidanı tələsmədən və kiçik hissələrlə yeməyi vərdiş halına gətirmək lazımdır.

 

Ümumiyyətlə, evdə hazırlanan yeməklərdən daha faydalısı yoxdur. Lif və vitaminlərlə zəngin olan meyvə-tərəvəzlə qidalanmaq tövsiyə edilir. Yüksək kalorili və yağlı qidalardan imtina etməklə həm görkəmi, həm də sağlamlığı qorumaq olar”.

 

(Visited 240 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir