ABŞ-dakı Dyuk Universitetinin alimləri Altshaymer xəstəliyinin erkən mərhələdə aşkar edilməsi üçün yeni üsul tapıblar. Tədqiqatçılar təsdiqləyirlər ki, xəstəliyin inkişaf markeri gözün tor qişasının vəziyyətindəki spesifik dəyişikliklərdir. Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu kəşfdən “Ophthalmology Retina” jurnalında bəhs edilir.
Tədqiqatçılar hesab edirlər ki, gözün tor qişasının vəziyyətinə görə aparılan Altshaymer diaqnostikası bu xəstəliyi patologiyadan şübhələnməyə və onu müəyyənləşdirməyə şərait yaradan koqnitiv funksiyaların azalmasına uzun müddət qalanadək aşkarlamağa imkan verir. Mütəxəssislər bundan ötrü əsasən optik koqerent tomoqrafiyasından istifadə olunmasını təklif edirlər. Bu müayinənin köməyi ilə həkimlər gözün tor qişasının arxa hissəsindəki kapillyarlarda qan axınını öyrənirlər. Alimlər təsdiq edirlər ki, gözün tor qişasının qan təchizatında pozulmalar birbaşa Altshaymer xəstəliyinin inkişafı ilə assosiasiya edilir.
Alimlər 133 nəfər sağlam, 39 nəfər Altshaymer xəstəsi, həmçinin koqnitiv pozulmaların müşahidə edildiyi 37 nəfər üzərində eksperiment aparıblar. Optik koqerent tomoqrafiyasının köməyi ilə bütün iştirakçılarda gözün tor qişasının vəziyyəti yoxlanılıb. Bu üsulun təsirli olması məlum olub.
“Altshaymer xəstəliyi olan pasiyentlərdə qan damarlarında sıxlığın və qan təchizatının əhəmiyyətli dərəcədə azalması müşahidə edilib”, -deyə layihə müəllifləri qeyd ediblər.
Tədqiqatçılar ehtimal edirlər ki, onların təqdim etdikləri üsulla gözün tor qişasının vəziyyətinin yoxlanılması digər neyrodegenerativ xəstəliklərin erkən mərhələdə -onların kliniki əlamətləri hələ sezilməyən vaxt aşkarlanmasına şərait yarada bilər.