Milli Oftalmologiya Mərkəzindən növbəti aksiya

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında seminar və aksiya keçirib.

 

Medpress.az-ın məlumatına görə, Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə göz xəstəlikləri və onların profilaktikası haqqında seminar keçirilib. Seminarda Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva “Göz xəstəliklərinin profilaktikası” mövzusunda məruzə edib, Səyyar Klinika haqqında kitabxananın əməkdaşlarına məlumat verib. Daha sonra mərkəzin həkim-oftalmoloqu Könül Feyziyeva “Yaşa bağlı xəstəliklər” haqqında məruzə ilə çıxış edib.

 

Seminardan sonra müayinələrə başlanılıb. Aksiya zamanı kitabxananın 134 əməkdaşı oftalmoloji müayinələrdən keçirilib. Müayinələr zamanı pasientlərdə katarakta, miopiya, astiqmatizm, allergik konyunktivit, quru göz sindromu aşkarlanıb və onlara mütəxəssislər öz tövsiyələrini veriblər.

 

Aksiya və seminarın keçirilməsində məqsəd gözlə bağlı yarana biləcək problemlərin qarşısının alınmasına yardımçı olmaqdır. Çünki profilaktik tədbirlər korluğun və bəzi göz xəstəliklərinin əvvəlcədən qarşısının alınmasına dəstək olur. Bununla yanaşı, pasientləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdir.

 

(Visited 44 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir