Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindəki son yeniliklər, abortla bağlı problemlər, ailələrin dağılması və səhiyyə sahəsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
Medpress.az lent.az-a istinadən həmin müsahibəni təqdim edir.
– Azərbaycanın sosial rifah dövlətinə çevrilməsi üçün vətəndaşlar hansı məsuliyyəti öz üzərlərinə götürə bilər?
– Hər kəs öz yerində olsa, vəzifəsini məsuliyyətlə idarə etsə, dövlətin də işi asan olur. Təbii ki, bu prosesdə aparıcı, idarə edən tərəf dövlətdir.
Vətəndaşlara gəlincə, hər kəsin, iş adamlarının, işçinin, idarə və təşkilatların cəmiyyət qarışsşnda sosial məsuliyyəti var. Dövlət sosial təminatı həyata keçirir. Vətəndaş da özünə sual verməlidir ki, mən bu gün yoxsul bir qonşum üçün nə etmişəm? Yaxud da valideynini itirən uşağa dəstək vermişəmmi? Bir müəssisə olaraq aztəmiatlı işçimə hansı əlavə şəraiti yaratmışam? Bunlar xeyriyyəçilk və sosial məsuliyyət məsələləridir. Azərbaycan xalqı xeyirxah xalqdır, xeyriyyəçiliyi ilə həmişə tanınıb. Xeyriyyəçilk ənənələrinin genişləndirilməsinə zərurət var. Çox təəssüf olsun ki. bu gün Azərbaycanda xeyriyyəçilk işləri lazımi səviyyədə deyil. Kifayət qədər zəngin insanlarımız da var. Onlar da xeyriyyəçilk tədbirlərinə qoşula bilərlər. Dövlət tərəfindən bəzi qanunları qəbul etməklə xeyriyyəçilk fəaliyyətini situmalaşdıran addımlar ata bilərik. Xeyriyəçilklə daha çox məşğul olan iş adamları, şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər. Güzəştli şəkildə təbliğatları, reklamları ola bilər. Dövlət sifarişləri daha çox onlara verilə bilər. Xeyriyyəçiliyi həyat normasına çevirməliyik.
– “Reproduktiv sağlamlıq haqqında” qanun bu sahədə hansı yenilkləri ortaya qoyacaq?
– Bu qanun birinci növbədə Azərbaycan dövlətinin gender siyasətinə dəstək olacaq. Dövlətimizin və cəmiyyətimizin ana və qadın hüquqlarına hörmətlə yanaşdığını bir daha bəyan edəcək. Qanun layihəsindəki imperativ normalara gəlincə, bu normalar əsasən sonsuzluq probleminin həllinə yönəlik tədbirləri nəzərdə tutur. Bu cür insanların bir dəfə dövlət, yaxud icbari tibbi sığortanın hesabına bətindənkənar mayalanma həyata keçiriləcək. Qanunun təkcə bir cümləsi on minlərlə insanın arzularını həyata keçirəcək.
Selektiv abortlar məsələsini götürək. Bu məsələdə Şərqdə həmişə problem olub. Şərq və müsəlman mentalitetində oğlan uşaqlarına üstünlük verilir. Amma iş elə gətirib ki, hazırda bir-iki uşaq istəyən ailələrin sayı artıb. Elə ailələr var ki, hətta birincinin də qız olmasını belə arzulamırlar. Selektiv abortlar İslam dininə, qədim türk mənəviyyatımıza da ziddir. Bu həm də ana bətinində insanın qətliamıdır. Bunun qarşısını almaq üçün də qanunda konkret müddəalar öz əksini tapıb. Eyni zamanda, layihədə hamiləliyin qorunması ilə bağlı dövlətdən təminatların verilməsi də öz əksini tapıb. Hərbi qulluqçuların, hərbi çağrışçıların reproduktiv sağlamlıqlarının qorunması, yeniyetmə və şagirdlərin, gənclərin reproduktiv sağlamlıqla bağlı maarifləndirilməsi və digər məsələlər. Qanunun pozitiv məqamları çoxdur və qəbul olunması bir çox problemlərin aradan qaldırılması üçün hüquqi əsas yaradacaq. Hələlik qanunun qəbul olunması üçün heç bir maneə yoxdur.
– Selektiv abortlarla bağlı müəyyən şərtlər və cəzalar necə tənzimlənəcək?
– Birinci maarifləndirmə işi əsas olmalıdır. Hər hansı səbəbdən valideyn bunu istəyirsə, artıq həkimlər üçün məsuliyyət yaranacaq. Əslində uşağın cinsinin təyini hamiləliyin 12-ci həftəsindən sonra bilinir. Bundan sonra isə abort edilməsi, hamiləliyin süni surətdə pozulması ailənin sosial göstərişləri əsasında, bir həkimin qərarı ilə deyil, konsilumun qərarı ilə olacaq. Ananın və uşağın səhhəti ilə bağlı ciddi problem olduğu halda qadağa olmayacaq.
– Donordan orqan köçürülməsi prosesi bu il reallaşa biləcək?
– Qanun qəbul olunduqdan sonra prosesə bu ilin içində başlanılacaq. Meyitdən orqan köçürülməsi həyata keçirildikdən sonra isə ildə 1000-ə yaxın insana bu sahədə yardım göstərilmiş olacaq. Əsas görəcəyimiz iş isə müvafiq təşkilati tədbirlərlə yanaşı, insanlarımızın donorluq və orqan bağışlandırılması sahəsində psixoloji hazırlanması, maarifləndirilməsi olacaqdır. Onu da qeyd edim ki, İslam dini bu sahədə heç bir qadağa qoymur. Hətta bir insana həyat verilməsi dindarlar tərəfindən savab əməl kimi qiymətləndirilir.
– Boşanmalardan söz düşmüşkən, televiziyada ailə-məşiət problemlərinin bu dərəcədə şoulaşmış şəkildə təqdiminə münaibətiniz necədir?
– Bu tip verlişləri iki qrupa ayırmaq, bir-birindən fərqləndirmək yaxşı olardı. Maarifləndirici verilişlərdə problemin elmi, psixoloji, dini əsasları qoyulur müzakirələr aparılır. Fikir və əks fikir olur. İnsanlar ordan doğrudan da maariflənirlər.
Bir də kanalın pul qazanmalı olduğu sosial problemlər üzərində qurulan şoular var. Bu, tamamilə ziyanlı bir şeydir. Biz çalışmalıyıq ki, şou proqramlarla maarifləndirici proqramların balansını tənzimləyə bilək. Şousuz da olmur. Televiziya da nəsə göstərməlidir, onların da büdcə maraqları vardır. Amma bu heç bir halda televiziyalar neqativləri böyük kütlə qarşısına çıxarıb problem kimi ortaya qoymamalıdır. Bütün cəmiyyətlərin problemi də, neqativi də, pozitivi də var. Şou proqramlarında neqativlə pozitivin balansını gözləməliyik. Bir neqativi göstərəndə onun qarşısında ən azı bir pozitivi də göstərməliyik. Dağılan uğursuz ailəni göstərəndə bir uğurlu ailə modelini də göstərməliyik. Hər dəfə neqativlə insanları yükləyəndə tamaşaçı o neqativi norma kimi qəbul edir. Hətta təəccüblənmir və norma kimi qəbul edir. Bu mənada bəzi kanallarda xüsusilə ailə-məişət mövzuzu ilə bağlı şou-proqramları zərərli hesab edirəm. Hesab edirəm ki, Milli Televiziya və Radio Şurası bu barədə qəti sözünü deməlidir.
– Milli Televiziya və Radio Şurası, adətən televiziyaların yaradıcılıq işlərinə qarışmadığını deyir…
– Bu yaradıcılıq deyil axı, əslində dağıdıcılıqdır.
– Dağıdıcılıq demişkən, boşanmaların artmasının qarşısını almaq üçün əsas nələrə diqqət olunmalıdır?
– Boşanmaların artması təkcə bizim cəmiyyətin deyil, dünyanın hər yerində problemdir. Boşanmaların çox səbəbləri var. Sosial-iqtisadi, psixoloji, intellekt-mədəniyyət fərqləri, mədəni uyğunsuzluq . Reproduktiv sağlamlıqla bağlı səbəblər də var. Bu saat psixoloji uyğunsuzluq və mədəni səviyyələrin fərqli olmasını əsas səbəb hesab edirəm. Psixoloji uyğunsuzluq çox ciddi məsələdir. Niyə dədə-babadan əvvəlcə elçilik, bir müddət sonra nişan və daha sonra toy edərdilər. Ən azı ailələr bir-biri ilə psixoloji uyğunluqlarını tapmalı idilər. Oğlanın özü ilə qızın arasında psixoloji uyğunluq məsələri yoxlanmalı idi. Son vaxtlar bizim çox sayda oğlan və qızlarımız var ki, Avropada təhsil alırlar. Tamam fərqli bir dünyagörüş əldə edirlər.
Yüksək təhsil alan, mədəniyyətli bir ailənin övladı ilə o təhsili görməyən adam ailə quranda problemlər yarana bilir. Deyək ki, biri Baxdan, Bethovendən danışacaq, biri inəkdən, it boğuşdurmaqdan. Bu ailədə möhkəmlik olması mümkün deyil. İntellektlər arasında fərq çox olanda ya biri o birinin köləsi olmalıdır, yaxud o ailədə xoşbəxtlikdən əsər-əlamət olmayacaq. Belə olanda da ömür boyu əziyyət çəkməkdənsə, ayrılmaq doğrudur.
Amma ayrılmaların birinci səbəbi sosial-iqtisadi problemlərdir. Buna görə əvvəllər gənc ailələrə ata-babalar kömək edərdi. Ayağa durana qədər. Bəzən nəvələri nənə-babalar saxlayardı. Bir az Azərbaycanda ailə modeli də dəyişib. Əvvəlki kimi böyük ailənin olmaması da öz mənfi təsirlərini göstərir.