Mediapress İnformasiya Agentliyinin komaya düşən və əməliyyat olunan baş redaktoru Natiq Qocaman hələ ayılmayıb.
Medpress.az-a bu barədə baş redaktorun həyat yoldaşı, jurnalist Könül Aypara məlumat verib. Onun dediyinə görə, həyat yoldaşı beyin əməliyyatı keçirib:
“Əməliyyat baş tutdu. Natiqin beynində sıxılma var idi. Beyin mərkəzinə maye yığılmışdı. Əməliyyatla maye çəkildi. Həkimlər əməliyyatdan sonra müxtəlif sakitləşdirici dərmanlar tətbiq edirdilər. Artıq sakitləşdiricilərin verilməsi dayandırılıb. Əlimiz, qolumuz bağlı, sadəcə dua edirik və ayılmasını gözləyirik”.
Könül Aypara qeyd edib ki, baş redaktorun əməliyyatı da, müalicələri də Azərbaycanda – Mərkəzi Klinik Xəstəxanada aparılıb:
“Amma analizin nəticələrini Türkiyəyə də göndərdik. Türk həkimlər də, azərbaycanlılar da eyni diaqnozu qoyublar. Əgər beyinin ətrafına maye yığılmış olsaydı, müdaxilə etmək daha asan olardı. Amma Natiqin beyin kötüyünə, tam mərkəzə maye yığılıb. Ona görə həkimlər də dəqiq nə isə deməyə çətinlik çəkirlər. Hələlik gözləyirik.
Ayıldıqda mərhələli şəkildə müalicə davam edəcək. Hər gün tomoqrafiya aparılır. Vəziyyətində nə geriləmə, nə də irəliləyiş var, stabil qalıb”.
Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru olub.