Yaşı 65-dən yuxarı olanlar üçün təhlükə

Külək turbinlərinin səs-küyü bəzi yaş qruplarının nümayəndələrinə pis təsir edir. Danimarka Onkologiya Cəmiyyətinin alimləri ölkə hökumətinin sifarişi ilə apardıqları tədqiqatlar əsasında bu qənaətə gəliblər.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, alimlərin fikrincə, külək generatorlarının səs-küyü yaxınlıqda yaşayan insanlarda yuxusuzluq, xüsusən yaşı 65-dən yuxarı olan insanlarda stress yaradır.

 

Tədqiqat külək turbinlərinin səs-küyünün uzunmüddətli, yaxud qısamüddətli təsiri ilə ürəkdə emboliyaların inkişafı və ya insultlar arasında əlaqənin mövcudluğunun inandırıcı sübutlarını aşkar etməyib. Külək turbinlərinin səs-küyünün uzunmüddətli təsiri ilə yaşlı adamlarda diabet arasında da heç bir əlaqə aşkar olunmayıb.

 

Alimlər qeyd edirlər ki, cavan insanlar turbinin 42 desibelə bərabər gurultusunun onların sağlamlıq durumuna mənfi təsirini hiss etmirlər. Lakin yaşı 65-i ötənlər gurultunu eşitməmək üçün dərman preparatları qəbul etməyə məcbur olurlar.

 

Alimlərin sözlərinə görə, bütövlükdə yeni tədqiqat külək generatorlarının ziyanı barədə suala ətraflı cavab verməyə imkan verir.

 

Qeyd edək ki, külək generatorlarının səs-küyünün insanların sağlamlığına vurduğu ziyan Danimarkada tez-tez müzakirə mövzusuna çevrilir. Elektrik enerjisi istehsalına dair statistikaya görə, 2017-ci ildə külək turbinləri ölkədə istehlak edilən elektrik enerjisinin 43,6 faizini təmin edib. Danimarka həmin göstərici üzrə dünyada inamla birinci yeri tutur.

 

(Visited 117 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir