Valideynlər uşaqlarının danışa bilməməsinin səbəbkarı ola bilər

Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir. Valideynlər övladlarının danışmamasından, yaxud danışarkən nitqin qüsurları olmasından şikayət edirlər. Ötən əsrin 70-ci illərində həmin problem uşaqların yalnız 4 faizində müşahidə edilirdisə, hazırda bu rəqəm altı dəfə artıb.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Kamal Camalovun sözlərinə görə,  nitq qüsurlarının səbəbləri arasında süjetsiz cizgi filmlərində olan işıq effektləri və hərəkət dinamikası ön sırada dayanır: “Başqa səbəblərə doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, evdə valideynlərin müxtəlif dildə danışmasını aid etmək olar. Nitq qüsurlu insanların əksəriyyətində özünəinam hissi zəif olur. Adətən, bu problemə uşaq yaşlarında daha çox təsadüf edilir. Uşaqlarda onun bir neçə formasına rast gəlmək mümkündür”.

 

 

Nitq qüsurunun formalarını sadalayan psixoloq deyib: “Bu problem bir neçə hissəyə bölünür. Allaliya–baş beynin hər hansı bir hissəsinin inkişafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmamasıdır. Dizartriya-mərkəzi sinir sistemində güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. Bəzi dizartriyaları dislaliliyalarla qarışdırırlar, lakin dizartriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir. Nitq patologiyasının səbəblərindən biri də dislaliyadır ki, bu zaman sözlərdə hərfin ifadəsi dəyişir. Rinolaliya- burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox, burundan ifadə olunur. Buna tın-tın danışmaq da deyirlər. Loqonevroz, yəni kəkələmə söz axınının, səs tembrinin və yaxud heca ritminin pozulmasıdır. Bu forma getdikcə ağırlaşmağa meyilli olur. Nitq problemlərinin patogenetik səbəbləri də müxtəlif olur: uşaqla valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması, beyin qabığının ləng inkişafı və somatik xəstəliklər”.

 

 

Psixoloqun fikrincə, nitq qüsurunun əmələgəlmə səbəblərindən biri də autizm sindromudur: “Normal uşaqlarda 1 yaşında göstərici- barmaq formalaşır, yəni uşaq istədiyini barmağı ilə göstərir, 2 yaşına doğru isə nitqi formalaşır, fikrini sözlər və qısa cümlələrlə ifadə edir. Autizmli uşaqların isə öz dünyası olur. Onlar ətraf mühitdən təcrid olunur, bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edirlər. Bu uşaqların söz ehtiyatı yalınız bir-iki sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır. Belə uşaqlar mütləq psixiatr və nevropotoloq müayinəsindən keçirilməlidir. Müraciət nə qədər erkən olsa, səmərəsi də bir o qədər tez alınar.

 

 

Müalicədə dərman preparatları ilə yanaşı, həkim-loqopedin hər uşaq üçün ayrıca hazırlanan fərdi məşqləri də faydalıdır. Uşaqlarda nitq qüsuru hiperaktivlik, çox əsəbilik fonunda yarandıqda ona sedativ preparatlar təyin edilir”.

 

 

(Visited 110 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir