Virus tam mənada canlı orqanizm olmadığına görə, onun inkişafı və çoxalması üçün hansısa başqa orqanizmə ehtiyac var. COVID-19 infeksiyasını heç bir əlamət olmadan keçirənlərin orqanizmində virus qalır və onlar daşıyıcı rolu oynayırlar. Virusun zəiflədilmiş variantının vaksin şəklində bədənə yeridilməsi nəticəsində orqanizm virusa qarşı proteinlər sintez etməyə başlayır və immunitet yaranır. Gələcəkdə isə yoluxma zamanı xəstəliyi yüngül keçirmək mümkün olur, letallıq səviyyəsi aşağı düşür.
Medpress.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nərmin Muradova məlumat verib.
Həkim qeyd edib ki, gələn ilin ilk aylarında ölkəmizdə vaksinləşmə prosesinə başlanılacaq. Onun İlk olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı olanlar arasında aparılması nəzərdə tutulub: “COVID-19 infeksiyasının inkişaf etməsi üçün onun canlı orqanizmə ehtiyacı var. Bu virus yalnız orqanizmə düşdükdən sonra inkişaf etməyə başlayır. Bəzi insanların bu xəstəliyi simptomsuz keçirməsi və təcrid olunmaması başqalarının da yoluxmasına və xəstəliyi daha ağır keçirməsinə səbəb olur. Xəstəliyin ağırlıq dərəcəsi immun sistemlərinin möhkəmliyindən, yanaşı xəstəliklərinin olub-olmamasından asılı olaraq müəyyən edilir.
Hazırda yoluxmaların azalmasının və xəstəliyin aradan qaldırılmasının yeganə yolu vaksinləşmədir. Vaksinləşməyə nə qədər tez başlanılarsa, infeksiyanın geniş yayılmasının qarşısını bir o qədər tez almaq olar. Peyvəndləmə mütləq şəkildə aparılmalıdır. Peyvənd ediləndən sonra yüngül qızdırma, başağrısı, kürək ağrısı ola bilər. Heç bir halda panikaya düşməyə ehtiyac yoxdur. Vaksinləşmə prosesi vaxtında həyata keçirilərsə, pandemiyanın qarşısını almaq mümkün olacaq”. (Azərtac)