Uşaqlarında nevroloji problemləri olan valideynlərə XƏBƏRDARLIQ

Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdırlar. Çünki bəzən uşağın davranışında adi görünən hansısa dəyişiklik ciddi nevroloji problemlərdən xəbər verə bilər.

 

Medpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev deyib.

 

Mütəxəssis bildirib ki, müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalar əsasən dörd istiqamətdə müşahidə olunur. Bunlar əqli inkişafdan geriqalma, yaddaşda kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar). Əgər həkim bu dörd əlamətin hər birini heç olmasa 5 faiz aşağı sala bilirsə, bu, böyük göstəricidir. Lakin bu əlamətlərin üçünün eyni uşaqda olması artıq fəlakətdir.

 

Professorun fikrincə, bəzən valideynlər də nevroloji problemləri olan uşaqların müalicəsinə ciddi yanaşmırlar: “Məsələn, qıcolma kəsilən kimi dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər. Əgər müalicəyə düzgün əməl olunmasa, uşaqlarda tutmalar düzəlsə də, əqli problemləri həll olunmayacaq. Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, yəni şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu, problemlərdən xəbər verir. Həmin məsələlərlə bağlı kütləvi informasiya vasitələrində maarifləndirici yazı və verilişlərin sayı artırılmalıdır ki, valideynlər bu haqda daha çox məlumatlı olsunlar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir