Britaniyada xərçəngdən ölüm ayağında olan 49 yaşlı tibb bacısı Culi О’Konnor yazdığı video çarxda onun həyatı bahasına başa gələn həkim səhvlərindən gileylənib. Üç il müddətində ona xərçəng xəstəliyinin diaqnozu qoyula bilməyib, halbuki bu müddətdə dəfələrlə müayindən keçib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Culi ilk dəfə həkimə 2014-cü ildə gedib. Onda heç bir şiş aşkarlanmayıb, ancaq sonra müstəqil ekspertiza göstərib ki, qadının uşaqlıq boynunda xərçəngin əlamətləri olub.
Bir il sonra qadında qanaxma başlayıb. Sonrakı iki il ərzində həkimlər biopsiya və digər testlər keçiriblər, hər dəfə Culidə xərçəng olmadığı qərarını veriblər. 2017-ci ildə ona xərçənglə bağlı təkrar analiz verməsi məsləhət görülüb və bu dəfə xəstə özəl məsləhətçisinə müraciət edib.
“On saniyə keçmədən baş ginekoloq 4,5 santimetr ölçüdə bədxassəli şiş aşkar edib”, – onun əri Kevin söyləyib.
Artıq çox gec olub və heç nə ilə kömək edə bilməyiblər. O, ötən həftə St Peter’s Hospicedə vəfat edib.
Ölümünə üç gün qalmış britaniyalı həkimlərə ünvanlanan video çarx yazıb. O, kadrlarda əri yanında xəstəxana çarpayısında yatır və çox çətinliklə danışır.
“Bu, iyrənclikdir ki, mən bu qədər əziyyət çəkmişəm və əzab çəkməkdə davam edirəm”, – xəstə kamera qarşısında pıçıldayır. Ardınca Kevin həyat yoldaşının danışmaqda necə əzab çəkdiyini vurğulayır.
“Biz istəyirik ki, həyat yoldaşımı öldürən həkimlər törətdiyi əməllərə görə cavab versinlər. Bu video ilə onların mənə, Culiyə və bizim ailəyə nə etdiklərini göstərmək istəyirəm. Mən, sadəcə ümid edirəm ki, buna bənzər hadisə başqalarının başına gəlməsin. Biz istəyirik ki, daha çox insan başımıza gələndən xəbərdar olsunlar”, – Kevin vurğulayıb.
Culinin 13 il işlədiyi xəstəxananın direktoru Kris Berton hadisə ilə bağlı danışanda tibb heyətinin səhlənkarlığını etiraf edib.