İsrailin Təl-Əviv şəhərindən olan 40 yaşlı qadın qatı qidalardan imtina edəndən sonra 3 həftə yalnız meyvə şirələri içib. Bu pəhriz onun beynini ciddi şəkildə zədələyib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, şirə pəhrizini xəstəyə onun müraciət etdiyi alternativ tibb üzrə mütəxəssis məsləhət görüb. Qadın 3 həftə bu məsləhətə əməl edib və çəkisi 40 kiloqrama qədər azalıb. Bundan başqa, orqanizmindəki su-duz tarazlığı pozulub.
Həkimlər qorxurlar ki, 3 həftəlik meyvə şirəsi xəstənin beyninin sağalmaz dərəcədə zədələnməsinə səbəb olub. Bunun mümkün səbəbi hiponatremiya ola bilər. Bu vəziyyətdə qanın tərkibindəki natrium ionlarının konsentrasiyası pozulur. Nəticədə su qan plazmasından bədən hüceyrələrinə, o cümlədən beyin hüceyrələrinə yenidən bölüşdürülür.