Tibbi Təlimatlar portalının təqdimatı keçirildi

Dekabrın 24-də Səhiyyə Nazirliyinin İctimai İslahatlar Mərkəzində (İSİM) Sübutlara Əsaslanan Tibbi Təlimatlar portalının (www.ebmg.az) təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

 

Medpress.az xəbər verir ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn formada yayılması ilə bağlı müqavilə imzalandığını bildirib. Müqaviləyə əsasən, ingilis dilində 1000-ə yaxın beynəlxalq klinik protokolun azərbaycanlı həkimlərin istifadəsinə verilməsi və onların tədricən ana dilimizə tərcüməsi həyata keçiriləcək. Dünyanın tanınmış tibb mütəxəssisləri tərəfindən yaradılan və tibbi sübutlara əsaslanan bu informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər. Artıq onların sırasına azərbaycanlı həkimlər də qoşulurlar. Portalda tibbi protokollarla yanaşı, sübutlara əsaslanan “Cochrane Library”, “MedLine”, “PubMed” beynəlxalq məlumat bazalarından 4000-dən çox elmi məqalə, 1400 tibbi foto və video kolleksiya, kalkulyator və səs faylları, o cümlədən müxtəlif patologiyalar zamanı ürək və ağciyərdə eşidilən küylərin audioyazıları, dermatoloji və göz xəstəliklərinin 1400-dən çox şəkilləri və təsviri Azərbaycan istifadəçilərinə təqdim olunur. Bu gündən etibarən Azərbaycan istifadəçiləri www.ebmg.az portalına daxil olaraq sübutlara əsaslanan tibbi təlimatlarla tanış ola bilərlər.

 

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov portalın açılışının həkimlər üçün faydalarından danışıb. Bildirib ki, müasir dövrdə həkimlərin fəaliyyətini tibbi qərarların dəstəklənməsi sistemi olmadan təsəvvür etmək mümkün deyil. Tibbi praktikada yeni klinik protokolların istifadəsi Azərbaycanda sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir. Tibbi sübutlara əsaslanan klinik protokollar əsasən təcrübə həkimləri üçün metodik tövsiyələrdir.

 

Sonra İSİM-in tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova sübutlara əsaslanan tibbi təlimatlar, layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə yeni portal barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, yeni portal vasitəsilə Azərbaycanın tibb işçiləri Avropa səhiyyəsindəki ən yaxşı standartları öz fəaliyyətlərində tətbiq etmək, vətəndaşlar isə öz növbəsində yüksək səviyyədə tibbi yardım almaq imkanı qazanıblar.

 

(Visited 99 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir