TƏBİB: Sözügedən dərman paketləri TƏBİB-ə aid deyil

Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə fotolar paylaşılır. Bununla bağlı TƏBİB tərəfindən açıqlama verilib.

Medpress.az  xəbər verir ki, TƏBİB-dən AZƏRTAC-a daxil olan məlumatda deyilir: “İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

 

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya +99451513-1542 nömrəsinə məlumat verəsiniz”.

 

(Visited 15 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir