Çox siqaret çəkən insanların görmə qabiliyyətini itirmək riski var. Bu haqda ABŞ-ın Rutgers Universitydən olan alimlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə, gündə 20 siqaret çəkən qatı siqaret çəkənlər gözlərinin görmə imkanının ciddi zədələnməsi ilə qarşılaşa bilərlər.
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın müəllifləri bütün həyatları boyu 15-dən az siqaret çəkən 71 sağlam və gündə 20 və daha çox siqaret çəkən 63 insanı müşahidə ediblər. Araşdırma iştirakçılarının yaşları 25-dən 45-ə qədər olb və hamısında normal görmə qeyd olunub.
Sonrakı müşahidə siqaret çəkənlərin rəngli görmə qabiliyyətində əhəmiyyətli dəyişikliklər nümayiş etdirib. Bu ehtimal etməyə əsas verir ki, siqaretin tərkibindəki neyrozəhərli kimyəvi maddələr rəngli görmənin itirilməsinə səbəb ola bilər. Həmçinin müəyyən olunub ki, siqaret çəkənlərin çəkməyən adamlara nisbətən rəngləri və təzadları fərqləndirmək qabiliyyəti azalıb.
Araşdırma müəllifləri qeyd edirlər ki, siqaret tüstüsü sağlamlıq üçün zərərli olan çoxsaylı komponentlərdən ibarətdir.
Qeyd edək ki, yalnız ABŞ-da 15 milyona yaxın yaşlı insan siqaret çəkməyi davam etdirir, 16 milyondan insanın siqaretlə əlaqəli xəstəliyi var.