Sabah Bakıda bayram yarmarkaları açılacaq

Dekabrın 21-dən Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayacaq. Medpress.az bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Leyla Məmmədova məlumat verib.

 

 

Onun sözlərinə görə, dekabrın 30-dək davam edəcək yarmarkada azərbaycanlı fermerlər pulsuz iştirak edəcəklər: “Bayram yarmarkalarına çıxarılacaq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayaraq satışa buraxacaq. Nazirlik qiymətlərin formalaşmasında iştirak etməyəcək, yəni qiymətlər tələb-təklif əsasında müəyyən ediləcək. Bununla belə, qiymətlərin münasib olması üçün fermerlərlə danışıqlar aparılır, maarifləndirici işlər görülür. Yarmarkada 110 fermer iştirak edəcək. Bundan başqa, 33 arıçı məhsullarını yarmarkaya çıxaracaq. Onlar eyni geyimdə – xalatda olacaqlar. Növbəti illərdə də bu tipli yarmarkaların təşkilini planlaşdırırıq”.

 

L.Məmmədovova rəhbərlik etdiyi şirkətin reallaşdırdığı “Kənddən şəhərə” layihəsi barədə də danışıb və Bakıda ilk mağazanın gələn həftə açılacağını deyib: “Mağazada həm xammal, həm də emal olunmuş formada yerli qida məhsullarının satışı həyata keçiriləcək”.

 

Direktorun sözlərinə görə, bundan başqa, hazırda “Dövlət Aqrar Ticarət Şirkəti” yerli fermerlərin məhsulunun ölkədən xaricdə satışını təşkil etməklə də məşğuldur: “Rusiya və Ukraynaya pambıq, sarımsaq, xurma və nar ixrac edirik. Digər ölkələrlə – Qazaxıstan, Bolqarıstan və Rumıniya ilə də danışıqlar aparırıq, xurma və nar ixracı ilə bağlı təkliflər almışıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir