Ramin Bayramlı: “Vaksinlərin seçimi zamanı bir neçə parametr ön plana çıxır”

COVID-19 əleyhinə vaksinlərə qoyulan ilk tələblər əlavə təsirlərin və əks göstərişlərin minimum olması, zərərsiz olması və təsirinin uzaq nəticələrinin təhlükəsiz olmasıdır.

 

Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən cəmi 7-si üçüncü klinik fazada sınaqdan keçirilir. Onlardan ikisi replikasiya olunmayan virus vektoru əsasında, üçü inaktivləşmiş virus əsasında, ikisi isə virusun RNT-si əsasında hazırlanıb.

 

Tədqiqatlar davam etdiyinə görə vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam fikir söyləmək mümkün deyil. Lakin çox ümidverici nəticə və yaxşı xəbərlər var.

 

Medpress.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

R.Bayramlının sözlərinə görə, müxtəlif şirkətlər tərəfindən təklif olunan vaksinlərin seçimi zamanı bir neçə parametr ön plana çıxır. Bunlar saxlama şəraiti, qoruyuculuq, effektivlik xüsusiyyəti, digər parametr isə təhlükəsizlikdir. Təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir: “Almaniya və ABŞ şirkətləri – “BioNTech” və “Pfizer” şirkətlərinin birgə hazırladığı vaksinin saxlanılması şəraiti daha çətindir və dünyanın əksər ölkələrində səhiyyə infrastrukturları buna hazır deyil və bu istiqamətdə işlər gedir. Həmin vaksin -70° C-də saxlanılır və müxtəlif məqalələrdə onun effektivliyinin 95 faiz olduğu barədə məlumatlar yer alıb. Digəri Rusiyanın Qamaleya İnstitutunda hazırlanan “Sputnik” vaksindir. O, – 20° C-də saxlanılmalıdır və effektivliyi 92 faizdir. Digər vaksin ABŞ istehsalı olan “Moderna” vaksininin saxlanılma şəraitinin -20° C olduğu və 95 faiz effektivliyə malik olması barədə məlumatlar var. Bundan başqa, Oksford Universitetində “AstraZeneca” şirkəti ilə birlikdə İngiltərə və İsveç alimlərinin birgə hazırladığı -4° C-də saxlanıla bilən vaksin ön plana çıxmışdı ki, onun da effektivliyinin 70 faiz olduğuna dair məlumatlar var. Lakin bu vaksində yenidən dozalandırma ilə bağlı tədqiqatlara başlanılıb. Çin Xalq Respublikasının “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksininin saxlanma temperaturu daha sadədir, yəni onu 2-8° C-də 3 ilə qədər saxlamaq mümkündür. İlkin nəticələrə görə, 95-97 faiz effektivliyinin olduğu bildirilir”.

 

(Visited 18 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir