Qida təhlükəsizliyinə görə 50-yə yaxın sahibkar cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitorinqlərə başlayıb.

 

Medpress.az-a agentlikdən verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət ötən il dekabrın 31-də başa çatıb.

 

Bu müddətdə Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər edib, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirib və kütləvi informasiya vasitələrində agentliyin adından sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlayıb.

 

Lakin qeydiyyat üçün kifayət qədər uzun müddətin ayrılmasına və prosedurun asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əksəriyyəti qeydiyyatdan keçmək üçün müraciət etməyib. “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.

 

Qida sahəsində qanunsuz fəaliyyətin qarşısını almaq üçün agentlik aidiyyəti orqanlarla birlikdə paytaxtın Səbail rayonu ərazisində 50-ə yaxın ictimai-iaşə obyektində reyd keçirib. Reydlər zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmayan, qida təhlükəsizliyi qeydiyyatından keçmədən qida sahəsində çalışan subyektlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Bu zaman bəzi sahibkarlıq subyektləri cərimələnib, bəzilərinin isə fəaliyyəti məhdudlaşdırılıb.

 

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir