“Vergilər Nazirliyi bu ilin may-iyun aylarında pullu səhiyyə xidmətləri göstərən bir sıra iri müəssisələrin rəhbərlərini vergi orqanlarına dəvət edərək görüşlər keçirib, qanunvericiliyin tələbləri, həmçinin fəaliyyətin şəffaflaşdırılması tələbləri ətraflı izah edilib”.
Medpress.az bildirir ki, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib. Onun sözlərinə görə, görüşlərə baxmayaraq, aparılan təhlillər əsasında ötən dövrdə bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb.
Xəqanı İsgəndərovun sözlərinə görə, mövcud rəqəmsal texnologiyalardan istifadə edilməklə bəyannamələrin və əlaqəli məlumatların geniş təhlili nəticəsində həmin müəssisələrdə yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib: “Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib. Aparılan tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb. Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilən qara mühasibatlıq sənədləri və elektron fayllar əsasında yayındırılan dövriyyə məbləğləri və ödənilən real əməkhaqqı məbləğləri müəyyənləşdirilib”.
Baş direktor qeyd edib ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77 faizində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl olunmaması, 51 faizində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61 faizində pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib.
“Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılan təhlillər zamanı əvvəlki dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilən 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7,6dəfə az əks olunduğu müəyyən edilib. Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat olduğu təsdiqini tapıb”, – Xəqani İsgəndərov vurğulayıb.
O əlavə edib ki, xəstəxanalara müayinə üçün göndərilən xəstələrin ödədiyi məbləğlərdən müəyyən faiz şəklində həkimlərə vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb: “Bəzi klinikalarda tanınmış həkimlərin gəlirlərinin əməliyyatdan daxil olmuş məbləğlərin 50-70 faizini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib”.
Xəqani İsgəndərov deyib ki, Vergilər Nazirliyi özəl tibb müəssisələrində vergi qanunvericiliyinə əməl olunması ilə bağlı araşdırmaları davam etdirir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək: “Qeyd etmək istərdim ki, əgər kimsə düşünürsə ki, əməkdaşlıq münasibətləri nəticə etibarilə vergi nəzarətinin zəifləməsinə gətirəcək, bu, tamamilə yanlış fikirdir. Vergilər Nazirliyi yoxlamaların sayını kəmiyyətcə azalda bilər, lakin bu nəzarət sisteminin zəifləməsi demək deyil. Vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir. Mövcud informasiya texnologiyaları müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün hər hansı riskin mövcudluğunu aşkar etməyə imkan verir. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Lakin fəaliyyət növündən, iqtisadiyyatı əhatə miqyasından asılı olmayaraq qanunu pozan, dövriyyəsini gizlədən, vergidən yayınan hər bir vergi ödəyicisinin yoxlanılması, qanunla nəzərdə tutulmuş qaydada sanksiyalarla üzləşməsi qaçılmazdır. Sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, təsərrüfat subyektlərinin fəaliyyətində qanunvericiliyin düzgün tətbiqi, işə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının real məbləğlərinin göstərilməsi, vergi və xüsusi razılıq tələb edən sahələrdə qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir”.