“Azərbaycanda 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur”, –Medpress.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir deyib ki, hazırda sosial xidmət sisteminin sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır: “Nazirliyin 14 bərpa mərkəzi var və onlarda fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrıseçkilik və digər halların aradan qaldırılması işləri aparılmaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib”.
Sahil Babayevin sözlərinə görə, artıq “Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”, eləcə də “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”, “Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”, “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar” və digər layihələr hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı əlilliyi olan şəxslərin bərpa mərkəzlərində təmir işləri sürətləndirilib.
Nazir qeyd edib ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və digər vacib istiqamətlərdə də işlər aparılır. O, Tibbi-sosial ekspert komissiyalarında fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində bərpa müalicəsi alan şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.