Tənəffüs infeksiyaları (o cümlədən respirator virus infeksiyaları, vərəm və s.) ilə yoluxma və xəstələnmə halları havaların soyuq olduğu fəsillərdə daha çox müşahidə edilir. Tənəffüs infeksiyaları (COVİD-19, vərəm və s.) ilə yoluxma daha çox aerogen, yəni hava-damcı (xəstə asqırdıqda, öskürdükdə) və hava-toz yolu ilə (məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan), həm də xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər.
Medpress.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov ATU-nun mətbuat xidmətinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə 3 istiqamətdə aparılmalıdır. Birincisi infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır.
İkincisi infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlərdir. Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskaların istifadə edilməsi və s. zəruridir.
Və nəhayət üçüncü istiqamət yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir. R.Bayramov bildirib ki, bu, çox vacibdir. Çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil: “Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu məsələdə orqanizmin immun statusunun rolu böyükdür”.
Həkim məsləhət görür ki, tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma (xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu), normal gün rejimi (kifayət qədər yuxu), idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir.