Kimlər tibbi sığorta haqqı ödəməkdən azaddır?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kimlərin icbari tibbi sığorta haqqı ödəməkdən azad olunacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Medpress.az  xəbər verir ki, Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “Tibbi sığorta haqqında” qanununun 15-10-cu maddəsinə əsasən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən bu ilin 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılıb.

 

Qeyd olunub ki, qanuna əsasən yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır: “Hazırda digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Digər şəxslərə heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər aid edilir. Əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər”.

 

(Visited 21 times, 2 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir