İmmuniteti zəif olan uşaq nəinki koronavirusu, hər bir xəstəliyi ağır keçirə bilər

Uşaqların yeni növ koronavirusa (COVID-19) yoluxmaq riski böyüklərlə müqayisədə aşağı olsa da, həkimlər valideynləri ehtiyatlı olmağa çağırır. Bəzən valideynlər koronavirusun simptomlarını mövsümi qriplə səhv salır və bu zaman xəstəliyin müalicəsi gecikir, nəticədə isə daha böyük fəsadlar yaranır. Qeyd edək ki, yaşından asılı olmayaraq hər bir uşaq COVID-19 infeksiyasına yoluxa bilər. Uşaqlarda halsızlıq, hərarət və öskürək halları müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

 

Medpress.az xəbər verir ki, Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyib: “Valideyn virusa yoluxduğu təqdirdə təcrid olunmalı və maska taxmalıdır. Virus yüklənməsi deyilən bir anlayış var, nə qədər çox virus uşağın bədəninə yüklənsə, xəstəlik də o qədər ağır keçəcək. Yaxşı cəhət orasıdır ki, uşaqlar bu xəstəliyi yüngül keçirilər. Lakin bu, heç də bütün uşaqlara şamil edilmir. Əgər uşağın başqa xəstəlikləri varsa, məsələn, yarımçıq doğulubsa, çəki azlığı varsa, bağırsaq problemləri, immunitet zəifliyi, ürək xəstəliyi varsa, infeksiya yoluxduğu halda xəstəliyi ağır keçirə, sətəlcəm qazana bilər”.

 

Həkim-pediatr onu da qeyd edib ki, COVID-19-dan qorunmaq üçün gigiyenik qaydalara mütləq şəkildə riayət edilməlidir. Həmçinin düzgün qidalanma olduqca mühüm şərtdir. Onun dediyinə görə, bəzən və ya bir çox hallarda uşaqlar zərərli qidalara meyil göstərirlər ki, bu da onların mədə-bağırsaq sisteminə mənfi təsir göstərir: “Qəbul edilən qidaların tərkibindəki vitamin, mineral, şəkər, su, lazım olan maddələr, eyni zamanda, dərmanlar bağırsağa sorulur. Hansısa bir uşağın bağırsaq və həzmsizlik problemləri varsa, həmin uşaqda immunitet zəifliyi və çəki azlığı olur. İmmunitet zəifliyi olanda uşaq nəinki koronavirusu, hər bir xəstəliyi ağır keçirə bilər”.

 

Uşaqların immun sisteminin güclənməsi üçün valideynlər onlara bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlamalıdırlar. Bundan başqa uşaqları çox tünlük, havalandırmanın zəif olduğu qapalı məkanlara aparmaq məsləhət görülmür. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür.

 

(Visited 65 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir