Göyöskürəyin qarşısını almağın ən yaxşı yolu

Uşaq həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunan göyöskürək hava-damcı yolu ilə yayılan, uzun müddət tsiklik gedişi və spazmatik tutmalar şəklində xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Hətta bir sıra hallarda göyöskürək körpələrin həyatını itirməsinə səbəb olur. Xəstəlik üç mərhələdə gedir. İlkin mərhələdə üst tənəffüs yolu infeksiyasıdır və 1-2 həftə davam edir. Həmin dövrdə adətən aşağı temperatur, titrəmə və öskürək müşahidə edilir.

 

Medpress.az bildirir ki, bu barədə paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Uşaq Poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova AZƏRTAC-a məlumat verib.

 

Həkimin dediyinə görə, paroksizmal mərhələ adlanan ikinci mərhələ 2-4 həftə davam edir: “Uzun müddət davam edən şiddətli öskürək tutmaları ilə başlayır. Tutmalar daha çox gecələr olur. Bir-birinin ardınca sıralanan və bir neçə dəqiqə davam edən boğucu öskürəklər şəklində olur. Sağalma mərhələsi 1 həftədən 3 həftəyədək davam edir. Tam sağalmadan əvvəl, ilk növbədə, öskürəklərin sayı və davametmə müddəti azalır”.

 

Pediatr-infeksionist xəstəliyin yoluxma yolları barədə danışarkən deyib: “İnfeksiyaya yoluxmuş şəxs bakteriyaları öskürəklə xaricə yaydığı damcılarla yoluxdurur. Xəstənin yaxınları həmin damcıları nəfəs yolu ilə alır və yoluxur. Yoluxma daha çox ilk 3 həftədə baş verir. Göyöskürəyin gizli dövrü 3-14 gün davam edir. Kataral dövrdə zökəm əlamətləri, quru öskürəklər davamlı olur və gecələr güclənir, tədricən tutmaya keçir. Bədən hərarəti ya normada qalır və ya subrebril (37,5 S) olur.

 

Spazm dövrü ağır hallarda 6 günə başlayır, öskürək tutmaları xarakterik səkil alır, əvvəlcə uşağın boğazında göynəmə və cırmaqlama hissi yaranır. Böyük uşaqlar həmin əlamətləri ifadə edə bilir və bundan sonra öskürək tutması başlayır.

 

Əsasən xəstəliyin yoluxmadan sonrakı birinci və ya ikinci həftədə başlaması müşahidə edilir. Göyöskürək uşaqlarda, xüsusilə körpələrdə klinik əlamətləri, burun axıntısı, asqırma, aşağı hərarət, az sayda öskürək olaraq başlayır, sonrakı mərhələdə ciddi öskürək tutmaları, yapışqanlı bəlğəm, boğulma hissi və qusma ilə davam edir, daha yüngül və getdikcə azalan öskürək şikayətləri ilə bitir.

 

Yeniyetmə və böyüklərdə isə boğazda sıxılma hissi olur, aramsız öskürək, boğulma hissi, başağrısı, hıçqırıq olmadan çətin nəfəsalma müşahidə edilir. Göyöskürəkdə öskürəkdən sonra qusmaya bütün yaşlarda rast gəlinir.

 

Göyöskürəyin əsas ağırlaşmaları nəfəsin dayanması, orta qulaq iltihabı, pnevmaniya kimi ikincili infeksiyalardır. Bakteriyaların səbəb olduğu sətəlcəm və ani tənəffüs çatışmazlığı hər yaşda baş verən ölümün əsas səbəbi sayılır”.

 

Altı ayından kiçik uşaqların, vaksinasiya olunmamış və natamam vaksinasiya edilənlərin, infeksiyaya yoluxanlarla təmasda olmağın risk qrupuna daxil olduğunu qeyd edən pediatr–infeksionist deyib: “Xəstəliyin müalicəsində xəstənin yaşı və infeksiyanın davametmə müddəti əsas amil sayılır. Xüsusən altıaylığından kiçik körpələrdə xəstəliyin müalicəsi stasionar şəraitdə aparılır. Göyöskürəyə qarşı mübarizə antibiotiklərlə də aparılır. Lakin onun qarşısını almağın ən yaxşı yolu peyvəndləmədir. Vaxtlı-vaxtında aparılan peyvəndlər göyöskürəyin təhlükəsizliyini təmin edir”.

 

(Visited 199 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir