Sağlam olmayan qida istifadəsi dünyada insanları siqaretdən və hipertoniyadan daha çox öldürür. Bill və Melinda Qeyts Fondunun maliyyələşdirdiyi araşdırmaya əsasən, çoxlu miqdarda ət və minimum miqdarda tərəvəz istifadəsi ildə 500 mindən çox amerikalının və 90 min britaniyalının ölümünə səbəb olur.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, 2017-ci ildə “Qərb pəhrizi” adlandırılan (meyvə və tərəvəzlə müqayisədə qırmızı ət, şəkər və yağların yüksək miqdarda istehlakı) dünyada hər beş ölümdən (10,9 milyon nəfər yaşlı) birinə səbəb olub.
İllik statistikaya görə, qeyri-sağlam qidalanma səbəbindən daha çox ölüm Çin, Hindistan və Rusiyada (müvafiq olaraq 3 milyon, 2 milyon və 550 min) qeydə alınıb. Ardınca ABŞ-dır, Böyük Britaniya bu reytinqdə 18-ci yerdədir.
Müqayisə üçün: həmin dövrdə yüksək qan təzyiqi dünyada 10,4 milyon, ürək-damar xəstəlikləri 9,4 milyon, siqaret çəkmək 8 milyon insanın ölümünə səbəb olub.
Alimlər bu göstəricilərə diqqət yetirməyə çağırır. Xüsusilə onu vurğulayırlar ki, qeyri-sağlam qidalanma insana cinsindən, yaşından və iqtisadi statusundan asılı olmayaraq təsir göstərir. Dünya miqyasında qoz ləpəsi, dənli bitkilər və süd məhsulları fonunda emal edilmiş ət, duz və qazlı su istehlakının artdığı vurğulanır.
Araşdırmada sağlam qida məhsullarının istehsalını stimullaşdırmağa yönələn dövlət səviyyəsində komlpeks tədbirlərin görülməsinin vacibliyi qeyd edilir.
Araşdırmaya dünyanın 40 ölkəsindən 130 alim cəlb edilib.