“Donuz qripi”nin ƏLAMƏTLƏRİ. Necə qorunmalı?

Son günlər cəmiyyəti narahat edən məsələlərdən biri də “donuz qripi” əndişəsidir. Bir tərəfdən ümumilikdə “qrip mövsümü” mövzunu aktuallaşdırsa da, digər tərəfdən real təhlükə məsələyə ciddi yanaşma tələb edir. Çünki Azərbaycan səhiyyəsinin səlahiyyət sahibi məmurları hər nə qədər əmin-arxayın danışsalar da, bu təhlükə qapımıza olmasa da, sərhədlərimizə dayanıb. Artıq bir neçə ildir ki, qonşu Gürcüstanda, Türkiyədə, Rusiyada, hətta Ermənistanda “donuz qripi”ndən –H1N1 virusundan insanlar ölür. Bu günlərdə isə kifayət qədər gediş-gəlişin olduğu Gürcüstanda  vəziyyət epidemiya həddinə çatıb, ölənlərin və yoluxanların sayı artıq onlarladır. Bu da insanlarda haqlı sual doğurur: necə olur ki, sıx gediş-gəlişin olduğu qonşu ölkələrdə bu virus tüğyan edir, bizdə bircə yoluxma halı belə yoxdur. Əlbəttə, doğrudan da belədirsə, buna  ancaq sevinmək olar. Hər halda rəsmilər belə iddia edirlər. Bununla belə, təhlükə barədə etiraflar da səsləndirilir və artıq hazırlıqlar da görülüb.

 

 

Məsələn, Medpress.az-ın da xəbər verdiyi kimi, bir neçə gün öncə Səhiyyə Nazirliyi Azərbaycanda mövsüm ərzində “donuz qripi”nə yoluxma halının qeydə alınmadığını açıqladı. Məlumatda qeyd olunurdu ki, mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb: “Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkə üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir.

 

Bununla bağlı, tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır.

Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib.

 

Ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd-keçid məntəqələri hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlarla təchiz edilib.

 

Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, “donuz qripi” aşkar olunmayıb”.

 

“Donuz qripi”nin əlamətləri

 

Bəs “donuz qripi”nin əlamətləri nədir? Necə başlayır, vizual olaraq hansı simtomları müşahidə olunur? Habelə yoluxma şübhəsi varsa, necə davranmalı? Hər şeydən əvvəlsə, qorunma yolları hansılardır, profilaktikası üçün nə etməli?

Medpress.az bu suallara cavab verməyə çalışıb.    

“Donuz qripi”nin əlamətləri demək olar ki, adi qrip simptomları ilə eynidir: hərarət, zökəm, öskürək, boğaz ağrısı, baş ağrısı, üşümə və halsızlıq. Bəzi xəstələrdə ishal və qusma halları da qeydə alınıb. Lakin H1N1 virusunu adi qripdən yalnız 39 dərəcədən yuxarı hərarətlə ayırd etmək olar. Belə ki, ilk gündən temperatur olur, baş ağrıyır, zəiflik, halsızlıq, əzələ ağrıları yaranır. Xəstəlik insanı ilk gündən yatağa sala bilər. İkinci-üçüncü gündən zökəm əlamətləri başlayır: burun tutulur, tez-tez asqırma olur, burundan selikli ifrazat, gözdən su axır.

Bu qripin əlamətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

 

  • 39 dərəcəni keçən hərarət
  • Boğazda ağrı
  • Öskürək
  • Zökəm
  • Baş və əzələ ağrıları
  • Bəzi hallarda qusma və ishal

 

Mövsümi qriplər kimi “donuz qripi”nin də müxtəlif xroniki xəstəliklərə qədər inkişaf edən fəsadları ola bilir.

 

“Donuz qripi” zamanı necə davranmalı?

 

Xəstəliyə tutulan şəxs 7 gün ərzində yoluxdurucudur. 7 gündən sonra infeksiyanın yayılma riski azalır. Amma azyaşlı uşaqlarda virus həmişə aktiv olur, xəstəlik uzun müddət yoluxdurucu qala bilir.

H1N1 virusuna yoluxan şəxs evdə yatmamalı, dərhal xəstəxanaya yerləşdirilməlidir. Evdə qalarsa, həkim çağırılmalı, çoxlu maye qəbul etməli, xəstəyə və evdə olan digər şəxslərə maska taxılmalıdır. Xəstə ilə təmas zamanı gigiyenik qaydalara mütləq riayət edilməlidir. Ev şəraitində xəstəyə qulluq etmək üçün onu ayrıca otağa yerləşdirmək lazımdır. Maska 4 saatdan bir yenisi ilə əvəz edilməlidir. Xəstənin olduğu otağı təmiz saxlamaq, nəm əski ilə təmizləmək, tez-tez havalandırmaq vacibdir.

Donuz qripi zamanı insan zəifləyir, immun sistemi sıfıra düşür, ağ ciyərlərin iltihabı, pnevmaniya ağırlaşmaları olur. Ürəyi zəif olanlarda ürəyin fəaliyyəti dayanır.

Digər tərəfdən, xəstənin məhz bu virusa yoluxduğuna yalnız laborator müayinələrin nəticəsində qərar vermək olar.

 

“Donuz qripi”ndən necə qorunmalı?

 

İnsan özü çalışmalıdır ki, bu virusa yoluxmasın. Bunun üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

 

  • Yüksək hərarəti olan, öskürən insanlarla təmasdan qaçmaq;
  • İctimai yerlərdə olduqdan sonra, avtobusdan, metrodan sonra əlləri sabunla yaxşı-yaxşı yumaq, spirtli dəsmalla silmək;
  • Asqıranda və ya öskürəndə ağızı dəsmalla tutmaq;
  • Əli ağıza vurduqdan sonra gözə, buruna toxunmamaq;
  • Sağlam həyat tərzi keçirməyə çalışmaq, normal yuxu rejiminə riayət etmək;
  • Çoxlu vitamin qəbul eləmək;
  • Fiziki aktivliyi artırmaq;

 

“Donuz qripi” nədir?

 

Bu, H1N1 adlı virus olub, özündə donuz, quş və insan qripinin viruslarını birləşdirir. Elə buna görə də bu qripə həm quşlar, həm donuzlar, həm də insanlar yoluxa bilər. H1N1 tipli qrip yüksək potogenli virusun törətdiyi kəskin tipli infeksion və tənəffüs yollarının iltihabı xəstəliyidir. Qripin A qrupuna aiddir. 
Bu virus asanlıqla insandan insana hava yolu ilə keçir. “Donuz qripi”nin çox təhlükəli olduğu hamıya məlumdur. Amma daha dəqiq məlumatlar, ölənlərin sayı hələ də tibb elminə məlum deyil. 
Bir vaxtlar virusun donuzdan insana keçməsi xəbəri yayılsa da, hazırda bu məlumatın yalan olduğu deyilir. Bu qrip ilk dəfə insanda aşkarlanıb.

Alimlər yaranma səbəbləri məlum olmayan bu virusun hansısa bir laboratoriyadan təsadüfən sızdığını güman edirlər.

 

H1N1 virusunun tarixi

 

Ölümcül qrip virusu ilk dəfə 1918-ci ilin aprelində İspaniyada meydana çıxıb. O vaxt dünyaya yayılan bu virusdan ölənlərin sayı 40 milyona çatıb. İspaniyada həyatı iflic edən və 10 il boyunca tüğyan eləyən, “İspan qripi” adlandırılan bu virus da H1N1 idi.

50 ildən sonra -1958-ci ildə də belə vəziyyət təkrarlandı. Araşdırmalar zamanı məlum oldu ki, bu da H1N1 virusudur. Bu dəfə xəstəlikdən ölənlərin sayı 2 milyona çatdı.

Son illərdə isə “donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

Belə bir versiya var ki, alimlər 1918-ci ildə yayılan bu virusu yenidən “canlandıraraq” onun ölümcül qüvvəsinin şahidi olmaq istəyiblər. Beləliklə, onlar virusun qurbanı olan bir nəfərin cəsədini Alyaskada basdırıldığı yerdən çıxardaraq genetik materialdan istifadə edib, H1N1 virusunu yaratmağa çalışıblar. Və buna nail olublar. Virusu meymunlara yoluxduran alimlər dəhşətli hadisə ilə rastlaşıblar. Bir neçə saatdan sonra virusun simptomları özünü göstərib. Meymunlarda ağciyərin iltihabı başlayıb.

ABŞ Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzinin bu vaxta qədər AH1N1 virusundan (“Donuz qripi”) ölənlər üzərində aparılan araşdırma sensasion bir gerçəkliyi ortaya qoyub. Araşdırma zamanı məlum olub ki, 77 nəfərdən 29-nun ölümünə tək AH1N1 virusu deyil, digər bir virus da səbəb olub. Bu, “Streptococcus pneumoniae” virusudur. “Streptococcus pneumoniae” virusu “Donuz qripi”nə insanı öldürməkdə bir növ yardımçı olur.

“Donuz qripi”ndən fərqli olaraq, bu virusu rentgen müayinələri zamanı aşkarlamaq mümkün olmur. ABŞ Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzi bu virusa qarşı peyvəndin olduğunu və onunla mübarizənin çətin olmayacağını da bildirib.

 

“Donuz qripi” Azərbaycanda

 

“Donuz qripi”nə Azərbaycana ilk dəfə 2009-cu ildə rast gəlinib. Həmin ilin iyul ayında xəstəliyə ilk iki yoluxma faktı qeydə alınıb. 2009-cu il noyabrın 4-də isə Azərbaycana Ukraynadan gəlmiş Kürdəmir sakinində virusa yoluxma aşkar olunub. Səhiyyə Nazirliyi tərəfindən noyabrın 5-də daha 2 yoluxma faktının, noyabrın 9-da 8, noyabrın 11-də isə 1 yoluxmanın olduğu təsdiqlənib.

 

(Visited 191 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir