Azərbaycanda vərəmlə mübarizə layihəsinə yekun vuruldu

Dekabrın 18-də “Park İnn” otelində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin (ŞAMA) Vərəm proqramı (TB REP) çərçivəsində Azərbaycanda həyata keçirilən Vərəmlə mübarizə layihəsinin nəticələrinə həsr olunn yekun konfrans keçirilib. Layihə İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi və vərəm əleyhinə QHT Koalisiyasının təşəbbüsü ilə həyata keçirilir.

 

Medpress.az xəbər verir ki, konfransda səhiyyə və ədliyyə nazirliklərinin, vərəmin profilaktikası və müalicəsi üzrə Azərbaycan QHT-lər Koalisiyasının nümayəndələri, vərəmlə mübarizə milli proqramının idarə heyətinin üzvləri, vərəm dispanserlərinin baş həkimləri, xarici ölkələrdən dəvət olunmuş ekspertlər, QHT-lərin təmsilçiləri iştirak ediblər.

 

“Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı “TB REP” proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən Vərəmlə mübarizə layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, vərəmin səmərəli profilaktikası və müalicəsi məqsədilə səhiyyə sisteminin təkmilləşdirilməsinə yönələn “TB REP” regional layihəsi 2016-cı ildə başlayaraq üç il müddətinə nəzərdə tutulub. Elçin Muxtarlı deyib ki, ötən dövrdə Azərbaycanın Şəmkir, Masallı, Xaçmaz və digər rayonlarında vərəm haqqında biliklərin səviyyəsini artırmaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri təşkil edilib. Bundan əlavə, vərəmin əlamətləri, ona yoluxma yolları barədə məlumat, habelə tibbi məsləhətlər və müvafiq müalicə alınmasına dair tövsiyələr toplanan kitabçalar paylanıb.

 

2016-2018-ci illərdə bu layihə çərçivəsində qazanılan  uğurlar və qarşıda duran vəzifələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, regional layihənin məqsədi Şərqi Avropa və Mərkəzi Asiyada yerləşən 13 ölkədə həyata keçirilən tədbirləri dəstəkləməklə səhiyyə sistemində islahatların genişləndirilməsi və mövcud maneələrin aradan qaldırılması yolu ilə vərəmin profilaktikası və müalicəsi prosesini sürətləndirməkdir.

 

Regionda vərəmlə mübarizə üzrə həyata keçirilən maarifləndirmə kampaniyaları barədə video-çarx nümayiş etdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir