Azərbaycanda Türkiyə tibb universitetlərinin filialı yaradıla bilər

Azərbaycan Tibb Universitetində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Türkiyə universitetlərinin nümayəndə heyəti ilə görüş olub.

 

Medpress.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetin tədris proqramındakı yeniliklər və nəzərdə tutulan islahatlar barədə ətraflı məlumat verib.

 

O, Azərbaycanda ikili diplomların alınması üçün işlər görüldüyünü, bu baxımdan Tibb Universiteti tələbələrinin də yaranacaq imkanlardan yararlana biləcəklərini bildirib. Rektor Türkiyəyə tələbə göndərilməsi ilə yanaşı, oradan müəllimləri universitetdə dərs keçməsinə önəm verildiyini vurğulayıb.

 

Rektor gələcəkdə Türkiyə tibb universitetlərinin Azərbaycanın Tibb Universiteti nəzdində filialı yarana biləcəyini də istisna etməyib.

 

Azərbaycan Tibb Universiteti ilə tanışlığından məmnun olduğunu bildirən Ege Universitetinin tibb fakültəsinin professoru İbrahim Durak son illər Türkiyədə tibb təhsili standartlarının dünya standartlarına uyğun olması ilə bağlı hesabat hazırladığını bildirib. Onun sözlərinə görə, bu sənəd Azərbaycan Tibb Universiteti üçün də yararlı ola bilər.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Hande Harmancı Azərbaycan Tibb Universitetinin Hacettepe Universiteti ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.

(Visited 155 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir