Azərbaycanda qadınların 70 faizə qədəri özəl sektorda işləyir

“Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir”, – Medpress.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun Kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir: “İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini ötüb. Bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailə var. Ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var”.

 

Hicran Hüseynova vurğulayıb ki, hazırda Azərbaycanda qızlar üçün qapalı heç bir peşə yoxdur. O əlavə edib ki, texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır: “Tədqiqatların nəticəsi onu göstərir ki, qızlarımız dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30 faizi dövlət, 70 faizə qədəri isə özəl sektorda işləyir. Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Ancaq onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var”.

 

Onun fikrincə, dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur: “Məsələn, Gömrük Komitəsində ikinci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20 faizə qədər yüksəlib. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq. Bu prosesi davam etdirəcəyik, digər dövlət qurumlarında da belə bir imtahan testləri aparmaq niyyətindəyik”.

 

(Visited 47 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir